20 iyul 2026 17:50
181

Rəqabətqabiliyyətli gənclərin hazırlanması əsas fəaliyyət istiqamətlərindəndir

Mərkəz karyera forumları, təlimlər və süni intellekt layihələri ilə gənclərin əmək bazarına hazırlığını gücləndirir

Müasir əmək bazarında uğur qazanmaq üçün akademik biliklə yanaşı, praktik təcrübə, rəqəmsal bacarıqlar və çevik kompetensiyalar da xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin peşəkar inkişafını və məşğulluq imkanlarını genişləndirməyə yönəlmiş müxtəlif proqramlar həyata keçirir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil"ə müsahibəsində bildirib ki, müasir əmək bazarının tələbləri nəzərə alınmaqla Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin şəxsi inkişafını, karyera planlamasını və peşəkar bacarıqlarının artırılmasını dəstəkləyən müxtəlif proqram və layihələr həyata keçirir.

O qeyd edib ki, Mərkəzin fəaliyyətində əsas məqsədlərdən biri gənclərin əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə, onların məşğulluq imkanlarının genişləndirilməsinə və rəqabətqabiliyyətliliyinin artırılmasına dəstək verməkdir.

Azər Əliyevin sözlərinə görə, bu məqsədlə il ərzində Bakı və regionlarda gənclərin iştirakı ilə karyera forumları, təcrübə və inkişaf proqramları, təlimlər, seminarlar, mentorluq görüşləri, məlumat sessiyaları və digər maarifləndirici tədbirlər təşkil olunur. Bu təşəbbüslər gənclərin əmək bazarının tələbləri, karyera planlaması, şəxsi inkişaf, rəqəmsal bacarıqlar və yeni peşə istiqamətləri barədə biliklərinin artırılmasına xidmət edir.

Baş direktor bildirib ki, son dövrdə Mərkəzin fəaliyyətində rəqəmsal savadlılığın və süni intellekt sahəsində biliklərin artırılması da xüsusi yer tutur. Bu istiqamətdə keçirilən “Süni İntellekt Forumları" və  “Rəqəmsal gənclik" proqramı vasitəsilə gənclər süni intellekt texnologiyalarının əmək bazarına təsiri, yeni peşə istiqamətləri və süni intellekt alətlərindən səmərəli istifadə imkanları barədə məlumat əldə edirlər.

Azər Əliyev əlavə edib ki, bununla yanaşı, Mərkəz tərəfindən hazırlanmış  “Karyera quruculuğunda süni intellekt bələdçisi" gənclərin süni intellekt alətlərindən şəxsi inkişaf və karyera planlaması istiqamətində səmərəli istifadə etmələrinə dəstək məqsədilə hazırlanıb.

Yaqut Ağaşahqızı,”İki sahil"