19 iyul 2026 16:08
229

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinə bu il 17 min 500-ə yaxın müraciət daxil olub, onlardan 130 nəfəri finala keçib

Altıncı “Yüksəliş” müsabiqəsinə bu il 17 min 500-ə yaxın müraciət daxil olub və çoxmərhələli seçim prosesi nəticəsində 130 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında altıncı “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev məlumat verib. Onun sözlərinə görə, final mərhələsində iştirakçıların yalnız bilikləri deyil, həmçinin bacarıqları, dünyagörüşü, qərarvermə, vaxtın idarə edilməsi və müxtəlif situasiyalarda problemlərin həlli qabiliyyətləri qiymətləndirilir.

F.Hacıyev bildirib ki, final mərhələsində ənənəvi olaraq təşkil olunan “Mentor keysi”nin builki mövzusu “Yeni təsir gücü: Azərbaycan” olub. Müzakirələr zamanı Azərbaycanın qlobal mərkəz kimi mövqeyinin daha da gücləndirilməsi və bu istiqamətdə atıla biləcək addımlar mentorlar və finalçılar tərəfindən müzakirə edilib.

İşçi qrupunun rəhbəri qeyd edib ki, “Yüksəliş” müsabiqəsi artıq ölkənin intellektual brendinə çevrilib və iştirakçıların layihəyə marağı ildən-ilə artır. O, müsabiqədə keçid balları və tapşırıqların çətinlik səviyyəsinin hər il yüksəldildiyini, buna baxmayaraq iştirakçı sayında artım müşahidə olunduğunu diqqətə çatdırıb.

F.Hacıyev vurğulayıb ki, ötən il final mərhələsində 109 nəfər iştirak etdiyi halda, bu il güclü namizədlərin çoxluğu nəzərə alınaraq 130 nəfərə finala vəsiqə verilib. Onun sözlərinə görə, təkrar iştirakçıların sayının artması da müsabiqənin şəffaflığına, obyektivliyinə və ədalət prinsiplərinə olan inamın göstəricisidir. Müsabiqənin yekununda 20 nəfər qalib elan olunacaq.