13 iyul 2026 17:39
100

Ağdərə, Zəngilan və Şuşada sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı məqsədilə sakinlər və işəgötürənlərlə səyyar görüşləri davam etdirir. Növbəti belə görüşlər Ağdərə, Zəngilan və Şuşa rayonlarında təşkil olunub.

“İki sahil” xəbər verir ki, Ağdərənin Həsənriz və Zəngilanın Ağalı kəndlərinə köç etmiş sakinlərlə görüşlər zamanı onların məşğulluqla bağlı müraciətləri dinlənilib. Aktiv məşğulluq proqramları barədə onlara məlumatlar verilib və məşğulluq imkanlarına uyğun olaraq bu proqramlara cəlb edilmələri  istiqamətində müvafiq tədbirlər planlaşdırılıb. 

Şuşanın Kiçik Qaladərəsi kəndinə yeni köç edən sakinlərə sakinlərə evlərinin açarlarının təqdim olunması mərasimində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları da iştirak ediblər. Onlar sakinlərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Yaxın günlərdə sakinlərlə fərdi qaydada əlaqə saxlanaraq məşğulluqlarının təminatı istiqamətində işlərin aparılacağı bildirilib   .

Zəngilanın Ağalı kəndində 18 işəgötürənlə keçirlən görüşdə isə yerli sakinlərin məşğulluğunun dayanıqlı təminatı istiqamətində görülən birgə işlər, habelə yeni fəaliyyətə başlayan işəgötürənlərin kadr ehtiyaclarının yerli sakinlərin işlə təminatı hesabına qarşılanması məsələsi müzakirə edilib. Peşə hazırlığının təşkili, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramlarına, əhalinin məşğulluğunun təmin edilməsi üçün görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.