09 iyul 2026 15:00
96

YAP Kürdəmir rayon təşkilatında maarifləndirmə tədbiri keçirilib

İyulun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında Partiya üzvlərinin uçotunun dəqiqləşdirilməsi, aktuallaşdırılması və uçot işinin təkmilləşdirilməsi mövzusunda tədbir keçirilib

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, rayon təşkilatı aparatının uçot və kargüzarlıq işləri üzrə məsləhətçisi Gülnar Məmmədova, ərazi partiya təşkilat sədrləri iştirak ediblər.

YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə xalqımızın  Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın  ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirib ki, görüşün  məqsədi partiya üzvlərinin uçotunun düzgün aparılması, reyestr məlumatlarının dəqiqləşdirilməsi və aktuallaşdırılması, həmçinin "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunundan, Yeni Azərbaycan Partiyasının Nizamnaməsindən və Partiyanın yerli təşkilatları haqqında Əsasnamədən irəli gələn tələblərin bir daha diqqətə çatdırılmasıdır.

Tədbirdə çıxış edən  rayon təşkilatının  uçot və kargüzarlıq işləri üzrə məsləhətçisi Gülnar Məmmədova bildirib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu və Partiyanın Nizamnaməsinə uyğun olaraq üzvlərin reyestrinin aparılması, üzvlüyə qəbul, üzvlükdən çıxma və reyestr məlumatlarının yenilənməsi qaydalarını, üzvlərlə mütəmadi əlaqə saxlamaq, onların yaşayış yeri, iş yeri, əlaqə vasitələri və digər məlumatlarında baş verən dəyişiklikləri vaxtında rayon təşkilatına təqdim edilməsində ƏPT sədrləri fəallıq göstərsinlər. Daha sonra Gülnar Məmmədova bildirib ki, ən çox rast gəlinən hallardan biri də partiya üzvlərinin vəfat etməsidir. Bəzən belə hallar vaxtında bildirilmədiyi üçün həmin şəxslər uzun müddət reyestrdə aktiv üzv kimi qalırlar. Bu isə statistik göstəricilərin düzgün olmamasına səbəb olur. Ərazi partiya təşkilatında belə hallar baş verdikdə dərhal ƏPT sədrləri  rayon təşkilatına vaxtında məlumat verməlidirlər. Məlumat əsasında üzvlüyə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilir və reyestr yenilənir. Uçot işində xüsusi diqqət yetirilməli məsələlərdən biri də partiya üzvünün yaşayış yerini dəyişməsi və başqa rayona köçməsidir. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü yalnız bir yerli təşkilatda qeydiyyatda ola bilər. Bu səbəbdən üzv daimi yaşayış yerini dəyişərək başqa rayona köçdükdə onun uçotu da müvafiq qaydada yeni rayon (şəhər) təşkilatına keçirilməlidir.
     Tədbirdə çıxış edən ərazi partiya təşkilat sədrlərindən Məzahir Qasımov, Mais Bayramov və digərləri qanunvericiliyin və partiyanın Nizamnaməsinin tələblərinə uyğun qaydada  ərazi partiya  təşkilatı üzrə üzvlərin müvafiq yerdəyişmələrini və digər məlumatları vaxtında rayon təşkilatına çatdıracaqlarını qeyd ediblər. Sonda ƏPT sədrlərini  maraqlandıran suallar cavablandırılmışdır.