Azərbaycan elmində toponimlərin, yəni coğrafi adların sadəcə bir xəritə elementi deyil, bütöv bir xalqın tarixini, etnogenezini və torpaq üzərindəki əbədi sahiblik haqqını təsdiqləyən canlı arxiv olduğunu sübut edən alimlərimizdən biri də filologiya elmləri doktoru, dosent Firudin Rzayevdir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, ömrünü qədim mixi yazıların, prototürk tayfalarının, xalça və qədim türbələrdə yer alan damğalarının izinə həsr etmiş dəyərli alimimizlə yenicə qazandığı elmi uğurlar, Naxçıvan ərazisində aparılan elmi ekspedisiyaların nəticələri və Azərbaycan dilçiliyinə gətirdiyi mühüm yeniliklər barədə geniş həmsöhbət olduq.
- Firudin müəllim, ilk növbədə sizi Ali Attestasiya Komissiyasının 15 may 2026-cı il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almağınız münasibətilə ürəkdən təbrik edirik! Bu, çoxillik fədakar əməyin layiqli bəhrəsidir. İstərdik ki, söhbətimizə elə başlanğıcdan – Sizi bu böyük elmi zirvəyə gətirən yoldan, uşaqlıq və gənclik illərinizdən başlayasınız. Firudin Rzayev kimdir?
- Çox sağ olun, təbrikiniz və diqqətiniz üçün minnətdaram. Bu dərəcəni almaq tək mənim deyil, bütövlükdə Naxçıvan onomastika məktəbinin, bizim şöbənin və uzun illər çöldə, dağda-daşda aparılan gərgin əməyin qələbəsidir. Mənim həyat hekayəm 1952-ci il dekabrın 21-də Culfa rayonunun Xoşkeşin kəndində, zəhmətkeş bir kolxozçu ailəsində başlayıb. Torpağa, təbiətə bağlığım da elə buradan gəlir. İlk təhsilimi 1960-1968-ci illərdə Culfa rayonunun 8 illik Əbrəqunus kənd İnternat məktəbində almışam. Orta təhsilimi isə 1969-1970-ci illərdə Xanağa kənd orta məktəbində əla və yaxşı qiymətlərlə başa vurdum. Elmdə ilk addımlarım dilçiliklə bağlı oldu. 1978-1983-cü illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldım.
- Bəs elmi yaradıcılığa gəlişiniz necə baş verdi? Çünki uzun müddət orta məktəbdə fəaliyyət göstərmisiniz, amma elmdən qopmamısınız...
- Tamamilə doğrudur. Orta məktəbdə dərs dediyim illərdə də daxili bir yanğı ilə elmi yaradıcılıqla, araşdırmalarla məşğul olurdum. Bu sevgini elmi məqalələrimdə izləyən akademik Afat Qurbanov məni Bakıya çağırdı və görüşdə “Sən Xoşkeşin kənd 8 illik məktəbində işləməklə, elmi məqalələrində akademiklərə tarixi faktlarla irad tutursan”- dedi. O, məni Bakıda – Xarici Dillər Universitetinin dissertanturasına göndərdi. Gərgin zəhmətin nəticəsi olaraq 2003-cü ildə “Əlincə çayı vadisi toponimlərinin türk layı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. Bu iş mənim böyük onomastikaya qədəm qoymağımda bir tramplin oldu. 2004-cü ildə AMEA Naxçıvan Bölməsi rəhbərliyinin dəvəti ilə bu bölmənin Onomastika şöbəsinə müdir təyin edildim. 2005-ci ildən institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdım, 2016-cı ildə isə şöbənin fəaliyyətini daha da canlandırmaq, çöl tədqiqatlarını genişləndirmək məqsədi ilə yenidən Onomastika şöbəsinə müdir təyin olundum və hazırda da bu fəaliyyətimi böyük qürurla davam etdirirəm.
- Sizin fundamental araşdırmalarınızın əsas qayəsi Naxçıvanın qədim dövr (e.ə. VI-I minilliklər) onomastik vahidləridir. Müəllifi olduğunuz 2 cildlik “Naxçıvan əhalisinin etnogenezi tarixindən”, 2 cildlik “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” adlı monoqrafiyalarınız elmi ictimaiyyətdə böyük əks-səda doğurdu. Bu əsərlərdə miladdan öncəki dövrlərə aid hansı proto-türk tayfalarının izlərini və dil faktlarını, onların mifoloji inanclarını aşkarlamısınız?
- Bu monoqrafiyalar mənim onilliklər boyu topladığım materialların bəhrəsidir. Əsas məqsədim Naxçıvan toponimləri və ən qədim yazılı sənədlər, mixi yazılar əsasında bu bölgənin aborigen, yəni yerli türk mənşəyini, onların mifoloji inanclarını və türk olduqlarını ortaya qoymaq idi. Aparılan araşdırmalar nəticəsində sübut etdik ki, miladdan öncə VI–IV minilliklərdə bu regionda As, Naxər, Türükkü, Kassi, Hürrü, Kuti, Tus (yazılarda Tuski), Şirak, Kəngər, Manna, Sak, Kaspi və Kimmer kimi 40-dan yuxarı erkən proto-türk tayfaları məskunlaşıb. Onlarla bağlı ərazidə passiv və aktiv fondda 643 etnooykonim üzərində iş aparılıb. Mən bu tayfaların adlarını və onların yerli coğrafi adlardakı etimoloji mənalarını bir-bir analiz etmişəm. Naxçıvan ərazisində məskunlaşan qədim tayfaların adları 30-dan yuxarı türk dili lüğətləri və leksikası əsasında tam izah olunur. Bu adlar heç bir Hind-Avropa dil ailəsinə aid deyil və aid edilə də bilməz! Bunlar birbaşa qədim proto-türk etnosları- tayfaları və onların adı ilə bağlı etnonimlərdir.
- Yəni bu tayfaların tarixdəki davamlılığını izləmək mümkündür?
- Əlbəttə! Məsələn, m.ö. VI-IV minilliklərdə Naxçıvan ərazisində izi qalan As, Naxər, Türükkü, Kassi, Hürrü, Kuti, Tus, Tal, Şu, Subər və s., eləcə də əski türk tayfaları Kəngər, Sak, Manna, Midiya türkləri və Skif, Kimmer, Kaspi, Oğuz, Qıpçaq, Gel, Çul kimi 30-dan artıq böyük tayfa ittifaqları tərəfindən birbaşa davam etdirildiyi sübut olunur. Bu etnosların izləri təkcə antik müəlliflərin, qədim salnamələrin yazılarında, kağız üzərində, arxivlərdə deyil, Naxçıvanın qədim kəndlərinin adlarında (oykonimlərində), dağlarında və mifik inanclarında bu gün də canlı şəkildə yaşayır. Bu tədqiqatda linqvistik faktlarla sübut edilir ki, Naxçıvanda hələ dövlətçilik yaranmamışdan çox-çox əvvəl bura Ön Asiyanın qədim aborigen türk tayfalarının Ana vətəni olub.
- Siz həm də qədim Şərq dilləri üzrə mütəxəssisiniz. Hett, Assur, Urartu kimi dövlətlərin yazılı mənbələri ilə işləyirsiniz. Bu sizə hansı qapıları açdı?
- Bəli, qədim Hett, Assur, Urartu, Axiyyava, Elam yazıları üzərində təhlil və tərcümələr aparmaq bacarığım mənə imkan verdi ki, mövzuya kənardan deyil, birbaşa ilkin qaynaqların gözü ilə baxım. Məsələn, mən dissertasiyamda Doray, Tus, Etrüsk tayfalarının bəzi iddiaçılar tərəfindən rus, fars və ya yunan mənşəli kimi qələmə verilməsinin qarşısını elmi faktlarla aldım və onların türk tayfaları olduğunu sübut etdim ki, ərazidə bu tayfalarla bağlı 30-dan yuxarı məntəqə adı mövcuddur. Eyni zamanda həmin qədim mixi yazılı mənbələrdə adı keçən bir çox dövlət qurumlarının əslində Türk kökənli olduğunu ortaya qoyduq. Tədqiqatlarımı qədim türk dilləri, arxeoloji və etnoqrafik faktlar müqabilində qururam, çünki adlar sisteminin dil analizi əski türk dili sözlükləri, tarixi-arxeoloji faktlara söykənmədikdə yarımçıq qalır.
- Sizin irəli sürdüyünüz “Qədim Naxçıvan-Naxər ölkəsi” konsepsiyası çox maraqlıdır. Burada yer alan mifoloji inancların ümumtürk onomastikası ilə ortaq cəhətləri nələrdir? Bir də xalçalarımızda, Yusif Küseyr, Möminə xatın, Gülüstan, Qarabağlar kimi türbələrdəki damğalar... Onlar bizə nə deyir?
- Naxçıvan ərazisində qeydə aldığımız ilkin mifik düşüncələr, təbiət kultları və qədim tanrı adları – məsələn, m.ö.VI-V minilliklərdə Asər türklərində Assalax tanrısı və Asmaq şamanları, Ares-ədalətli müharibə və sərrast ox atan tanrı, Türükkü türklərində Tork, Tork Anqex, Kassi türklərində An, Sax, Şixu, Suriyaş kimi yüzlərlə tanrı inancları-teonimlər ümumtürk onomastik vahidləri ilə eyni kökdən gəlir. Bu inanclar qədim şumer, hurrit və hett qaynaqlarındakı etnonimlərlə səsləşərək, bizim qədim Tanrıçılıq fəlsəfəmizi, Günəş, Od, Su və Dağ kultlarımızı əks etdirir ki, bu inanclar bizdən bu qədim türklərə də adlamışdır. Xalçalara və türbələrimizə gəldikdə isə, Naxçıvan xalçalarında və türbələrindəki naxışlar və damğalar sadə bir bəzək elementi deyil, m.ö. minilliklərlə bağlı qədim mifoloji inanclarımızı özündə qorumaqdadır. Onlar minilliklərə söykənən qədim prototürk yazı sisteminin, piktoraqrafik təfəkkürün nümunələridir! Bu rəmzlər ərazidə məskunlaşmış qədim türk tayfalarının kimliyini, onların mifik dünyagörüşünü sübuta yetirir. Qədim qaynaqlarda “Matu Nakru” (Naxər, Naxçıvan ölkəsi) kimi qeyd olunan bu ərazi, dünya mədəniyyətinin beşiyi olan ilk türk dövlətçilik mərkəzlərindəndir. Xalçalarımızın hər bir ilməsi əcdadlarımızın qoyduğu mifik yazıdır. Aslar, Türükkü və hürrilər, kutilər, saklar başqa xalqlar deyil, bizim birbaşa ulu babalarımızdır və bu irs tariximizin m.ö. VIII-IV minilliklərə qədər getdiyini göstərir.
- Firudin müəllim, Naxçıvanın qədim yaşayış məntəqələrinin adlarında – oykonimlərində hansı spesifik türk tayfalarının adları kodlaşdırılıb? Bizə konkret nümunələr verə bilərsinizmi?
- Əlbəttə, Naxçıvan oykonimiyası 40-dan çox spesifik qədim türk tayfasının adını canlı arxiv kimi qoruyur. As (Az) tayfaları ittifaqının izi Naxçıvanda çox dərindir. Asni, Asqəmər Asti, Asak Astap Astabad kimi 55 yaşayış məntəqəsinin adı birbaşa As tayfası ilə bağlıdır. Ərazidə 11 Türükkü, 15 Naxər, 23 Kuti, 12 Lulubi və s. kimi tayfalarının m.ö. III-I minilliklər hesab edilmiş V minilliklərin Assur-Akkad mənbələrində adları çəkilir. Ümumilikdə 40-dan yuxarı qədim türk tayfalarının 642 oykonimdə - məntəqə adında izləri qalmaqdadır. Təkcə As, Naxər, Türükkü, Kassi, Hürrü, Kuti, Tus, Tal, Şu, Subər Skif, Kimmer, Kaspi, Oğuz, Qıpçaq, Gel, Çul kimi tayfaların Urmiya hövzəsi və Naxçıvanda Naxər adda dövlət qurduqları, onların adında öz mifoloji inanclarının yeri 600-dən yuxarı məntəqə adında (müasir Allahqulu tayfası, Tanrıverdi nəsli, Əli, Məhəmməd tayfaları kimi), qalmaqdadır. Şirak, Kol, Gel, Çul və Erkən Bolqar tayfalarının mifik inancları və totemləri də yaşayış yerlərinin bünövrəsinə çevrilib, zamanla müəyyən fonetik dəyişikliklərə uğrayıb. Həmçinin Şərur və ətrafındakı bölgələrdə Xaçaparaq, Ağxaç, Xaçlı, Xaçbay, Xaçdur, Xaçlı kimi adlar da qədim Xaçmatak türklərinin adını özündə yaşatmaqdadır. Buradakı “Xaç” sözü xristianlıqdan çox əvvəl qədim türklərdə mövcud olan dünyanın dörd cəhəti, ağzı haça xaçlarda isə – dünyanın dörd ünsürdən yaranmasını tərənnüm edən türk Tanrı rəmzidir.
- Rəhbərlik etdiyiniz Onomastika şöbəsi son illərdə Naxçıvan ərazisində intensiv çöl-elmi ekspedisiyaları təşkil edir. Bu ekspedisiyaların ən mühüm və belə demək mümkünsə, strateji nəticələri nələrdir?
- Biz Naxçıvanın demək olar ki, bütün rayon, kənd, dağ massivləri və çay vadilərində planlı tədqiqatlar apardıq. 2000-dən çox unudulmuş mikrotoponim qeydə alındı. Rəsmi xəritələrdə getməyən, lakin yaşlı nəslin yaddaşında qalan bulaq, təpə, qaya, dərə adlarını topladıq. Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərlidə qeydə alınan bu adların 99%-i tamamilə saf türk mənşəlidir. “Naxçıvanın Onomastik Atlası” və lüğətlər hazırladıq. Bu materiallar sistemləşdirilərək fundamental kitablara çevrildi.
Sovet dövründə xəritələrdə bilərəkdən təhrif edilmiş və ya erməni mənşəli kimi qələmə verilən adların linqvistik izahlarını təqdim etdik. Sübut etdik ki, o adların altında qədim Hun, Sak, Qıpçaq, Oğuz adları və qədim mixi yazılardakı formalar dayanır. Əlincəçay və Gilançay vadilərində kənd, qala, qəbiristanlıq adlarının “Kitabi-Dədə Qorqud” dastanındakı coğrafi areal ilə birbaşa genetik bağları olduğunu tam şəkildə sübuta yetirdik.
- Gələk 15 may 2026-cı il tarixli qərarla təsdiq olunan doktorluq dissertasiyanıza. Bu iş Azərbaycan dilçiliyinə, onomastika elminə konkret olaraq hansı yenilikləri gətirdi?
- Bu dissertasiya işi Naxçıvanın toponimlərinin qədim mixi yazılı mənbələr və antik sənədlər işığında linqvistik pasportlaşdırılmasının elmi zirvəsidir. Əvvəllər bu adlar orta əsrlərlə məhdudlaşdırılırdı. Biz isə Şumer, Akkad, Assur, Hett, Urartu və qədim Misir (firon III Tutmosun salnamələri) mənbələri ilə müqayisə apararaq, toponimik bünövrənin ən azı 8 min il əvvələ getdiyini riyazi dəqiqliklə ortaya qoyduq. Yuxarıda qeyd etdiyimiz 40-dan çox tayfanın izinin sistemləşdirdik. As, Türükkü, Tus, Kuti, Lulubi, Subar, Hurri tayfalarının dil elementlərinin hansı fonetik və semantik dəyişikliklərlə günümüzə gəlib çatmasının elmi modelini yaratdıq. Əlincəçay və Gilançay vadilərinin dastan mətni və oğuznamələrlə morfo-semantik bağlılığını tam sübut etdik. Göy Tanrı, Umay ana, Yer-Su ilahələri və heyvan totemlərinin (qurd, öküz, quş) adlarının toponimlərdə necə dondurulmuş şəkildə qorunmasını nümayiş etdirdik. Bu isə ərazidə minilliklər boyu etnik kəsilməzliyin – yəni eyni yerli (avtoxton) əhalinin yaşadığının ən böyük sübutudur. Biz sübut etdik ki, ermənilərin özününküləşdirmək istədikləri adlar əslində qədim hun-türk coğrafi terminlərinin fonetik transformasiyasıdır. Mənim son elmi qənaətim budur: Əgər bir regionun dağının, çayının, qədim şəhərinin adı 4000 il əvvəlki mixi yazılarda əski türk dilinin qrammatik və leksik qaydaları ilə qeydə alınıbsa və bu gün də həmin adlar Naxçıvanda eynilə yaşayırsa, deməli, bu torpaqların tarixi və əbədi sahibi Azərbaycan türkləridir! Dil yalan söyləmir!
- Firudin müəllim, siz həm də böyük bir pedaqoji təcrübəyə maliksiniz, 12 fəlsəfə doktoruna yol göstərmisiniz, ensiklopedik əsərlərin müəllifisiniz. Gələcək planlarınız nədən ibarətdir?
- Bəli, bu günə qədər 6 monoqrafiyam (2-si iki cilddə), 1 şeir kitabım, müəlliflik hüququ olduğum 6 ensiklopedik əsərin həmmüllifiyəm. Bununla bərabər 230-dan artıq elmi məqaləm işıq üzü görüb.12 fəlsəfə doktoruna rəhbərlik və ya opponentlik etmişəm, 40-a yaxın kitaba rəy vermişəm. Erməni iddialarına cavab olaraq yazdığım 17 kəsərli məqalə bu gün onların öz saytlarında da yer alır və ifşa missiyasını yerinə yetirir.
Gələcək planlarım isə ancaq və ancaq tədqiqatları davam etdirməkdir. Hazırda Naxçıvan ərazisinin m.ö. dövrləri ilə bağlı toponimlərin etnogenezi, bu tayfaların mifi, Assur, Hett, Axxiyava, Şumer, Urartu yazılarına istinadən yeni materialların toplanması üzərində işləyirəm. Elm dayandıqca bitir, biz isə durmadan irəli getməli, bu torpağın hər daşına vurulan türk möhürünü dünyaya tanıtmalıyıq.
- Dəyərli və fundamental müsahibə üçün çox sağ olun, Firudin müəllim! Yeni elmi dərəcəniz və fəaliyyətiniz bir daha mübarək olsun!
- Siz də sağ olun, işlərinizdə uğurlar arzulayıram!
Güntac ŞAHMƏMMƏDLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı