01 iyul 2026 20:05
113

Lənkəranda qədim yaşayış yeri aşkar edilib

Parakənd  tarixə cənub mirvarisi tək düşən Lənkəranın böyük yaşayış məntəqəsidir.  Bu kəndin tarixi də uzaqlara gedib çıxır. Son vaxtlar Parakəndin əhalisi artdığı üçün burada yeni  məhəllə salınmşıdır.   Lənkəran rayonu ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı  yeni məhəllənin ərazisində Xalkolit dövrünə aid yaşayış yeri aşkar edilmişdir.

Abidə Parakənd kəndinin şimal-şərqində, Lənkəran-Astara magistral yoldan təqribən 500 m şimaldakı ovalıq ərazidə, dəniz səviyyəsindən 10 metr aşağı hissədə  yerləşir,  uzunsov təpə formasında olub, hündürlüyü   3 metrə,  uzunluğu  isə 30 metrə yaxındır. O,  qərbdən və cənubdan yaşayış evləri , şimaldan kiçik meşə sahəsi, şərqdən  su kanalı ilə hüdudlanır.  Arxeoloqlar  abidənin qərar tutduğu məkanı nəzərə alaraq ona şərti olaraq “Parakənd Xalkolit yaşayış yeri” adının verilməsini  məqsədəuyğun sayıblar.

AMEA Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov bildirir ki, kənd sakinləri abidənin yerləşdiyi təpədən torpaq daşıdıqları üçün  abidənin mədəni təbəqəsi qismən zədələnmiş, 2 metrdən artıq hündürlükdə kəsik yaranmışdır. Həmin hissə nəzərdən keçirildikdə burada saxsı məmulatı və kül qalıqları  olduğu mədəni təbəqə izlənilir. Kəsikdən Xalkolit dövrünə aid olan “ələ bulanan keramika” adlandırılan saxsı qab fraqmentləri, eləcə qalın divarlı qablara aid fraqmentlər toplanıldı və  aşkar olunan oxşar keramika nümunələri abidədən təqribən 2-3 km aralıda yerləşən Telmankənd kurqanlarının,  Cəlilabad rayonundakı Əliköməktəpə Xalkolit abidəsinin qazıntılarından məlumdur. Tapılan  saxsı qab fraqmentlərinin bir qisminin gilinin tərkibində bitki qalıqları müşahidə edilir. Burdan bir ədəd üzərində işləmə izləri olan çay daşından əmək aləti də  üzə çıxıdı.

Məlumat üçün deyək ki,  Parakənd abidəsi Lənkəran rayonu ərazisndə Xalkolit dövrünə aid üzə çıxarılan ilk yaşayış yeridir. İlkin müşahidələr əsasında  bu tapıntını e.ə. V minilliyə aid etmək olar. Gələcək tədqiqatlar nəticəsində  tarixləndirməni daha da dəqiqləşdirmək mümkün olacaqdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü