Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində böyük igidlik və cəsarətlə vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalan minlərlə ölümsüzlüyə qovuşan oğullardan bir də 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində dünyaya göz açan Nahid Üzeyir oğlu Teymurzadədir. Əzəli yurd yerlərimiz - Qarabağın azadlığı uğrunda can qoyan, qan tökən Nahid adını şanlı tariximizə yazmaqla bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrildi. Həmçinin bir daha sübut etdi ki, torpaq qeyrətli oğulların çiynində Vətən olur. Torpaq, əgər uğrunda ölən varsa , Vətəndir..
Kiçik yaşlarından ağlı, düşüncəsi, yurduna dərin məhəbbəti ilə seçilən Nihad Teymurzadə Biləsuvarın İsmətli kənd məktəbində orta təhsilini yüksək səviyyədə başa vurub. Erməni dığaların ədalətsiz təcavüzü, Qarabağımızın işğalı onu daha çox narahat etdiyinə görə əsgərliyə gedib, Vətənin keşiyində durmağı hər şeydən üstün bilib. 2015-ci ilin oktyabr ayında ordu sıralarına yollanıb, ilk gündən övladlıq borcunu vicdanla yerinə yetirməyə başlayıb, zabitlər, əsgərlər arasında hörmət sahibi olub. Vətənpərvərlik ruhu, düşmənə qarşı nifrət hissi hər işdə ona uğur gətirib. Eləcə təlimlərdə fəallıq göstərməklə o, hərb sahəsində zəruri olan bir çox bilik və vərdişləri dərindən mənimsəyib. Bir qayda olaraq Qarabağın işğalına qarşı barışmaz mövqe ortaya qoyan əsgər Nihad : “ Müharibə başlanan kimi ön sırada mən gedəcəyəm, son qarış Vətən torpağının azad olunacağı günədək düşmənlə vuruşaram” –deyib və dığalardan qisas almağa məqam axtarıb.
Xidməti başa vurub üzüağ evinə qayıdan Nihad Teymurzadə halal zəhmətdən yapışıb, cəmiyyətdə üzərinə düşən məsuliyyəti düzgün dərk edib, xalqa, dövlətə sədaqətli xidməti həyat kredosu sayıb. Xeyirxah əməlləri sayəsində insanlarda özünə qarşı dərin məhəbbət, ehtiram hissləri oyada bilib. Düşməndən alacağı öcə də hazır durub, Vətən torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər dəqiqə, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyib.
Damarlarında qeyrət qanı axan, Vətənin hər daşına, qayasına vurğun olan Nihad Teymurzadənin yağıdan qisas alacağı gün 2020-ci ilin sentyabrında yetişib. Könüllü şəkildə başlanan Vətən müharibəsinə qoşulan igid ilk gündən ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə yağıya qan qusdurub. Hər dəfə müharibə meydanında oddan-alovdan keçərək düşmənin çoxlu sayda canlı qüvvəsinə, texnikasına böyük tələfat verməklə yadda qalıb.
21 oktyabrda Xocavəndin Düdüklü kəndinin azadlığı uğrunda şiddətli hücum başlanıb. Nihad kimi ölümə meydan oxuyan qəhrəmanların vurduğu sarsıdıcı zərbələri qarşısında dayana bilməyən düşmən geri çəkildikcə, torpaqlarımız addım-addım işğaldan azad olunub. Təəssüf ki, Nihadın Vətən eşqli ürəyi də qəfil atılan gülləyə tuş gəlib. Biləsuvar elinin qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medallarla təltif olunub.
Bəli, Vətən torpaqlarının azadlığı naminə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Nihad Teymurzadə torpağa gömülmədi, günəş ömrü yaşamaq üçün milyonların ürəyində özünə yurd-yuva qurdu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü