26 iyun 2026 12:20
96

Gələcəyin tənzimləyicisi: Rəqəmsal dövrün yeni idarəetmə modeli

Süni intellekt, “bulud” texnologiyaları, rəqəmsal platformalar və qlobal məlumat axınları hökumətlərin və tənzimləyici qurumların qarşısında tamamilə yeni çağırışlar yaradıb. Əgər əvvəllər tənzimləmə əsasən telekommunikasiya operator və provayderləri, yaxud konkret xidmət təminatçıları üzərində qurulurdusa, bu gün rəqəmsal iqtisadiyyatın iştirakçıları daha müxtəlif, daha sürətli və daha qlobal xarakter daşıyır. Beləliklə, dəyişən dünyada tənzimləmə anlayışı da dəyişir.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 12-15 may tarixlərində keçirilən telekommunikasiya sektorunun tənzimləyici qurumları üçün qlobal simpoziumunda (Global Symposium for Regulators 2026 – GSR-26 ) qəbul edilən yeni yanaşma göstərir ki, müasir tənzimləmənin məqsədi artıq rəqəmsal bazarların cəmiyyət üçün faydalı nəticələr yaratmasını təmin etməkdir.

Ənənəvi tənzimləmədən nəticəyönümlü idarəetməyə keçid

Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı tənzimləmə yanaşmalarının müasir bazar reallıqlarına uyğunlaşdırılmasını zəruri edib. 

Müasir yanaşma ilk növbədə bir suala cavab axtarır:

Rəqəmsal bazar hansı nəticələri təmin etməlidir?

Beynəlxalq təcrübə göstərir ki, bu nəticələr adətən əlçatan və keyfiyyətli internet xidmətləri, istehlakçı hüquqlarının qorunması, rəqabətli bazar mühiti, xidmətlərin etibarlı və dayanıqlı olması, rəqəmsal inklüzivlik və davamlı inkişaf istiqamətlərini əhatə edir.

Bir sözlə, nəticəyönümlü tənzimlənmə tətbiq edilir. Yəni bu yanaşmada əsas diqqət tənzimləmə tədbirlərinin və mexanizmlərinin hansı nəticələr yaratdığına yönəlir.

Yeni prinsip: “Hamıya eyni yanaşma” dövrü başa çatır

Rəqəmsal bazarlar artıq eyni tip iştirakçılardan ibarət deyil. Bir tərəfdə telekommunikasiya operatorları, digər tərəfdə rəqəmsal platformalar, “bulud” xidmətləri, məlumat mərkəzləri, süni intellekt sistemləri və müxtəlif texnologiya şirkətləri fəaliyyət göstərir. Bu səbəbdən müasir tənzimləmə daha çevik yanaşma tətbiq edir.

Yeni yanaşma risk əsaslı tənzimləmədir. Yəni “risk nə qədər böyükdürsə, məsuliyyət də bir o qədər böyük olmalıdır” prinsipi icra edilir. Bazar iştirakçılarının məsuliyyəti daha da artırılır.

Məsələn, telekommunikasiya xidmətləri göstərən operator və provayderlər üçün daha ciddi öhdəliklər və gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Beləliklə, həm innovasiyanın qarşısı alınmır, həm də ictimai maraqlar qorunur.

Məlumata əsaslanan tənzimləmə dövrü başlayır

Müasir dünyada qərarlar intuisiya əsasında deyil, məlumat əsasında qəbul edilir. “GSR-26 Best Practice Guidelines sənədi” də məhz bunu vurğulayır.

Tənzimləyicilər bazarda baş verənləri real vaxt rejimində izləyə, ölçə və qiymətləndirə bilməlidirlər. Bu məqsədlə əsas göstəricilər (indikatorlar) müəyyənləşdirilir, məlumatların vahid formatda toplanması təmin olunur, bazar trendləri mütəmadi təhlil edilir və risklər erkən mərhələdə aşkarlanır. Bunun üçün subyektlərin hesabatlılığı qurulur, cihaz qeydləri kütləvi mənbə alətləri (crowdsource tools) və sosial şəbəkələrdən əldə edilən məlumatlar çarpaz emal edilməklə rəqəmsal bazarı qiymətləndirmək və vaxtında qərar verməyə imkan verən göstəricilər hazırlanır. 

Başqa sözlə, tənzimləyici qərarların mərkəzində artıq məlumat və analitika dayanır.

Bazarın inkişafı üçün təşviqyönümlü alətlər genişlənir

Müasir tənzimləmənin ən diqqətçəkən xüsusiyyətlərindən biri də bazara həm də təşviq alətləri vasitəsilə təsir etməsidir.

Hazırda bir çox ölkələr bazarın arzuolunan istiqamətdə inkişaf etməsi üçün müxtəlif təşviq mexanizmlərindən istifadə edir. Bu mexanizmlər investisiyaların təşviqini, xidmət keyfiyyətinin ədalətli və rəqabətli təqdim olunmasını, istehlakçıların şəffaf məlumatlandırılmasını, infrastrukturun birgə istifadəsini və innovativ texnologiyaların təhlükəsiz, mərhələli tətbiqinə imkan verən müxtəlif tənzimləmə alətlərini əhatə edir. Məqsəd bazar iştirakçılarını ictimai maraqlara uyğun fəaliyyət göstərməyə həvəsləndirməkdir. İnvestisiya və innovasiya üçün maneələrin azaldılması vacibdir, lakin bazarın böyüməsi məsuliyyət, dayanıqlı və etibarlı şəbəkə, keyfiyyətli xidmət və istehlakçıların müdafiəsi ilə müşayiət olunmalıdır. 

Süni intellekt və innovasiyalar üçün yeni yanaşma

Texnologiyaların sürətli inkişafı ənənəvi tənzimləmə modellərinin daha effektiv olmasını təşviq edir. Bu səbəbdən dünyada “təcrübədən öyrənmə və adaptiv yanaşma” prinsipi geniş tətbiq olunur. Bu yanaşma çərçivəsində xüsusi tənzimləyici test rejimləri (sandbox) yaradılır, pilot layihələr həyata keçirilir, yeni texnologiyalar məhdud miqyasda sınaqdan keçirilir və əldə olunan nəticələr əsasında normativ çərçivələr təkmilləşdirilir. Bu model xüsusilə süni intellekt sistemlərinin, rəqəmsal platformaların və digər innovativ xidmətlərin tənzimlənməsində effektiv idarəetmə aləti kimi qəbul edilir.

Gələcəyin tənzimləyicisi necə olacaq?

“GSR-26 Best Practice Guidelines” sənədinin əsas mesajı aydındır: gələcəyin tənzimləyicisi bazarda baş verən prosesləri davamlı izləyən, məlumatları toplayıb təhlil edən, riskləri əvvəlcədən müəyyənləşdirən və problemləri yaranmadan aşkarlamağa çalışan idarəetmə mərkəzinə çevriləcək. Eyni zamanda belə qurumlar bazarın inkişafını təşviq mexanizmləri vasitəsilə istiqamətləndirəcək, innovasiyaların tətbiqi üçün əlverişli mühit yaradacaq və qərarvermə prosesində süni intellekt də daxil olmaqla müasir texnologiyalardan istifadə edəcək. Bununla yanaşı, müxtəlif dövlət qurumları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq gələcəyin tənzimləyici modelinin ayrılmaz hissəsinə çevriləcək.

Başqa sözlə, müasir tənzimləmə yanaşmaları bazarın inkişafı, ictimai maraqların qorunması və innovasiyaların təşviqi arasında balansın təmin edilməsinə yönəlir. Rəqəmsal iqtisadiyyatın gələcəyi də məhz bu prinsiplər üzərində qurulur.

Bu tendensiyalar Azərbaycan üçün nə vəd edir?

Qlobal tənzimləmə gündəliyində baş verən dəyişikliklər Azərbaycanın rəqəmsal transformasiya strategiyası ilə də üst-üstə düşür. Son illər ölkədə genişzolaqlı internet infrastrukturunun inkişafı, rəqəmsal xidmətlərin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər göstərir ki, tənzimləmə yanaşmaları da yeni reallıqlara uyğunlaşmalıdır.

Bu baxımdan telekommunikasiya və poçt fəaliyyəti sahələrində data əsaslı tənzimləmə çərçivəsinin və nəzarət mexanizmlərinin tətbiqi zəruri hesab olunur. Tənzimləyici qərarların obyektiv, operativ və ölçüləbilən göstəricilər əsasında qəbul edilməsi məqsədilə vahid rəqəmsal tənzimləmə platformasının yaradılması mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Rəqəmsal Tənzimləmə Platformasının (RTP informasiya sistemi) tam funksional şəkildə istismara verilməsi və data əsaslı idarəetmə modelinin tətbiqi tənzimləmə fəaliyyətində şəffaflığın, hesabatlılığın, səmərəliliyin və institusional dayanıqlılığın daha da gücləndirilməsinə xidmət edəcək.

Müasir dövrdə tənzimləyici qurumların əsas vəzifəsi yalnız bazara nəzarət etmək deyil, onun inkişafını istiqamətləndirməkdir. Bu baxımdan beynəlxalq təcrübədə ön plana çıxan nəticəyönümlü, risk əsaslı və məlumatlara söykənən tənzimləmə modelləri Azərbaycan üçün də aktual hesab olunur.

Bu yanaşma ilk növbədə rəqəmsal bazarın inkişaf nəticələrinin daha dəqiq ölçülməsinə imkan yaradır. Artıq əsas sual tənzimləmənin vətəndaşların həyatında hansı real nəticələri yaratmasıdır. İnternetin keyfiyyəti, xidmətlərin əlçatanlığı, istehlakçı məmnunluğu, şəbəkələrin dayanıqlılığı və etibarlığı, bazarda rəqabətin səviyyəsi tənzimləyici fəaliyyətin əsas göstəricilərinə çevrilir. Tənzimləmə praktik, ölçüləbilən və nəticə əsaslı olmalıdır. 

Digər mühüm istiqamət innovasiyaların dəstəklənməsidir. Süni intellekt, “bulud” texnologiyaları, rəqəmsal platformalar və yeni nəsil rabitə xidmətləri ənənəvi tənzimləmə mexanizmlərindən daha çevik yanaşmalar tələb edir. Bu səbəbdən dünyada olduğu kimi, Azərbaycanda da pilot layihələr, sınaq mühitləri (sandbox), mərhələli tətbiq mexanizmləri və innovasiyaları təşviq edən alətlər daha çox əhəmiyyət qazanır.

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal transformasiyanın növbəti mərhələsində daha çevik, proaktiv və fakta (sübuta) əsaslanan idarəetmə sistemləri quran ölkələr uğur qazanacaq. Bu baxımdan “GSR-26” çərçivəsində müəyyən edilən prinsiplər Azərbaycanın rəqəmsal inkişaf gündəliyi üçün də istiqamətverici rol oynaya bilər.

Nəticə etibarilə müasir tənzimləmənin əsas məqsədi bazarı məhdudlaşdırmaq deyil, onun cəmiyyətə daha çox fayda verməsini təmin etməkdir. Azərbaycanın rəqəmsal gələcəyi də məhz innovasiyanı təşviq edən, riskləri qabaqcadan idarə edən və vətəndaş mərkəzli nəticələrə yönələn yeni tənzimləmə fəlsəfəsi üzərində qurulmaqdadır.

Azərbaycanda son illər telekommunikasiya və rəqəmsal bazarların inkişafı, xidmət keyfiyyətinin monitorinqi, istehlakçı hüquqlarının müdafiəsi və məlumat əsaslı qərarvermə istiqamətində həyata keçirilən təşəbbüslər bu prinsiplərlə əhəmiyyətli dərəcədə səsləşir. Aşağıdakı nümunələr “GSR-26”da müəyyən edilmiş əsas istiqamətlərlə Azərbaycanda həyata keçirilən bəzi təşəbbüslər arasında uyğunluğu göstərir:

Azərbaycanda son illər həyata keçirilən bir sıra təşəbbüslər göstərir ki, “GSR-26” çərçivəsində müəyyənləşdirilən prinsiplərin bir hissəsi artıq tətbiq edilir. Bu təşəbbüslər həm bazarın müşahidə oluna bilməsini, həm tənzimləyici proseslərin rəqəmsallaşdırılmasını, həm də dövlət-vətəndaş-biznes münasibətlərində şəffaflığın artırılmasını hədəfləyir.