25 iyun 2026 13:19
117

Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır

Bəzi ordular dövlətin sərhədlərini qoruyur. Bəzi ordular isə xalqın taleyini dəyişir. Azərbaycan Ordusu ikinci kateqoriyaya aid olan nadir ordulardandır. Çünki o, təkcə torpaqları deyil, bir xalqın qürurunu, ləyaqətini və tarixi ədalətə olan inamını da qoruyub.

Bu gün Azərbaycan bayrağı Qarabağın ən uca zirvələrində dalğalanırsa, Şuşanın küçələrində yenidən Azərbaycan nəfəsi duyulursa, Xankəndidə dövlətimizin suverenliyi tam təmin olunubsa, bunun arxasında bir əsrə yaxın davam edən dövlətçilik mübarizəsi, güclü siyasi iradə və qəhrəman Azərbaycan əsgərinin qanı dayanır.

Azərbaycan Ordusunun bugünkü qüdrəti təsadüfən yaranmayıb. Bu güc uzaqgörən liderliyin, ardıcıl siyasətin və xalqın öz dövlətinə bağlılığının nəticəsidir. Hələ sovet dönəmində Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək hərbi kadr hazırlığını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdi. O, yaxşı anlayırdı ki, gələcəkdə müstəqilliyini bərpa edəcək Azərbaycan öz taleyini yalnız öz ordusuna arxalanaraq qoruya biləcək. Ulu Öndər deyirdi: "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir." Bu fikir sonradan tarixi həqiqət kimi öz təsdiqini tapdı.

1990-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal olunur, ölkədə siyasi böhran hökm sürür, nizamsız silahlı dəstələr vahid komandanlığa tabe olmurdu. Dövlətçiliyimizin taleyi sual altında idi. Məhz belə bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu quruculuğunun əsasını qoydu və gələcək qələbələrin təməlini yaratdı. Onun məşhur fikri bu gün də aktuallığını qoruyur: "Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır."

Zaman keçdi. Dövlət gücləndi. İqtisadi imkanlar artdı. Və Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldildi. Azərbaycan Ordusu müasir silahlarla təchiz edildi. Hərbi sənaye kompleksi yaradıldı. Dünyanın ən qabaqcıl hərbi təcrübələri öyrənildi. NATO standartları tətbiq olundu. Türkiyə ilə strateji hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Minlərlə peşəkar zabit və hərbçi yetişdirildi. Bütün bunlar bir məqsədə xidmət edirdi: Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev illərlə Azərbaycan xalqına söz verirdi ki, torpaqlarımız azad olunacaq. 2020-ci ilin payızında həmin vəd tarixə çevrildi. 44 gün ərzində dünya müasir müharibənin yeni modelini gördü. Azərbaycan əsgəri ölümün gözünə dik baxaraq irəlilədi. Dağları aşdı, səngərləri yarıb keçdi, düşmənin illərlə qurduğu istehkamları darmadağın etdi.

Şuşa uğrunda gedən döyüşlər isə hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Məhz həmin günlərdə Prezident İlham Əliyevin dediyi sözlər milyonlarla azərbaycanlının qəlbində əbədi həkk olundu: "Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik." Bu, sadəcə siyasi bəyanat deyildi. Bu, əsrlər boyu qəlblərdə yaşayan bir həsrətin sona çatmasının ifadəsi idi.

Azərbaycanın haqq savaşında qardaş Türkiyə də ilk gündən ölkəmizin yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün dünyaya qətiyyətlə bəyan etdi: "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir." Bu qardaşlıq təkcə diplomatik münasibət deyil, qanla, tarixlə, tale ilə möhkəmlənmiş bir birlikdir. Şuşa Bəyannaməsi isə bu birliyin siyasi və hərbi manifestinə çevrildi.

44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ordusu inkişafını dayandırmadı. Komando briqadaları yaradıldı, xüsusi təyinatlı qüvvələrin sayı artırıldı, hərbi təhsil sistemi yenidən quruldu, ordunun Türkiyə modeli əsasında modernləşdirilməsi prosesi sürətləndirildi.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu bu gün regionun deyil, dünyanın ən peşəkar ordularından biridir. Lakin Azərbaycan Ordusunun ən böyük gücü nə tanklardır, nə raketlər, nə də pilotsuz uçuş aparatları. Bu ordunun ən böyük gücü onun əsgərinin ürəyində daşıdığı Vətən sevgisidir. O sevgi ki, yaralı halda hospitaldan döyüş meydanına qayıtmaq istəyən əsgərin gözlərində görünürdü. O sevgi ki, Şuşa qayalarında əlləri ilə irəliləyən xüsusi təyinatlıların iradəsinə çevrilmişdi. O sevgi ki, şəhidlərimizin son nəfəsində belə "Vətən sağ olsun!" kəlmələri ilə yaşayırdı.

Bu gün Azərbaycan Ordusu sadəcə hərbi güc deyil. Azərbaycan Ordusu dövlətimizin qürurudur. Azərbaycan Ordusu xalqımızın iradəsidir. Azərbaycan Ordusu Zəfərin müəllifi, müstəqilliyimizin qarantı, gələcəyimizin ən möhkəm sipəridir. Çünki tarix artıq öz hökmünü verib: Qarabağı azad edən xalqı heç kim məğlub edə bilməz. Qarabağı azad edən Ordunun qarşısında isə heç bir qüvvə dayana bilməz.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı