20 iyun 2026 22:00
103

Almaniyada Sol Partiyaya yeni həmsədrlər seçilib

Almaniyada Sol Partiyanın qurultayında yeni həmsədrlər seçilib.

“İki sahil” xəbər verir ki, İnes Şverdtner və Luici Pantizano Sol Partiyanın yeni həmsədrləri olublar. Potsdamda keçirilən qurultayda İ.Şverdner 85,7 faiz səslə təsdiqlənib. L.Pantizano isə səhhətindəki problemlərə görə yenidən seçkilərə qatılmayan Yan van Akenin yerinə cəmi 53,3 faiz səslə seçilib.

İ.Şverdtner çıxışında partiyanın hökumətin planlaşdırdığı sosial xərclərin ixtisarına qarşı mübarizəni davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Sol Partiya bələdiyyələrdə sosial işçilərin, idman infrastrukturunun və uşaqların maraqlarını müdafiə etməkdə davam edəcək. L.Pantizano partiyanın fəhlə və əməkçi təbəqə arasında dəstəyini gücləndirməyi əsas prioritetlərdən biri kimi göstərib.

Sol Partiya INSA təşkilatının apardığı son rəy sorğusunun nəticələrinə əsasən 10 faiz səsə malikdir.