16 iyun 2026 23:35
115

Kitabxana sistemi: Qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zəruridir

Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Kitabxana işi haqqında" Qanun bugünün tələblərinə cavab vermir.

Bu fikir iyunun 10-da Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə səsləndirilib.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, XXI əsrin tələbləri fonunda informasiya resursları, texnoloji imkanlar əhəmiyyətli dərəcədə dəyişib, yeni imkanlar yaranıb: “Amma bizim kitabxanaların vəziyyəti heç də qənaətbəxş deyil. Bu da kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından bir çox problemlərin olduğundan xəbər verir. Məsələn, kitabxanaların cəmi 20 faizi internetlə təmin edilib. Başqa sözlə desək, kitabxanaların təxminən 80 %-nin internetə çıxışı yoxdur. Halbuki internetə çıxış günümüzün tələbidir. Belə ki, müasir kitabxana çox sürətli internetlə təchiz olunmalıdır. Onu da deyim ki, müasir kitabxanada kifayət qədər lazımlı kitablar olmalıdır. Həmin kitabxanalarda Azərbaycan ədibləri ilə bərarbər, digər ölkələrin yazarlarının kitabları da yer almalıdır.

Kitabxanaların 96 faizində isə avtomatlaşdırılmış idarəetmə sistemi tətbiq olunmayıb. Aparılan təhlillər də kitabxanaların 90 %-dən çoxunun bina, struktur və xidmət sahələri baxımından beynəlxalq standartlara cavab vermədiyini göstərir. Bu isə ölkənin kitabxana sisteminin hələ də əsasən sovet dövründə formalaşmış struktur üzrə fəaliyyət göstərdiyindən xəbər verir. Kitabxana sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdəndir. Unutmayaq ki, müasir kitabxana yalnız informasiya saxlayan məkan deyil. O, eyni zamanda, sosial ünsiyyətin təşkili və mədəni inkişafın təmin edilməsi funksiyalarını yerinə yetirən mərkəzdir. Bu baxımdan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, oxucuların fərdi ehtiyaclarının nəzərə alınması olduqca vacibdir. Digər tərəfdən, müasir dünyada dövlətlərin gücü yalnız makroiqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətin informasiya resurslarına çıxış imkanları ilə ölçülür. Fikrimcə, elə bu kimi səbəblərdən qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Yeri gəlmişkən onu da qeyd edim ki, qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin formalaşması şəraitində mədəniyyətin funksiyaları genişlənib, onun dövlət siyasətində rolu daha da artıb. Bu gün əsas məqsəd ölkə vətəndaşlarının, eləcə də ölkəmizə gələn qonaqların və xarici vətəndaşların kitaba çıxış imkanlarını təmin etməkdir. Bu kontekstdə “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyası ölkəmizdə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən fundamental sənəd hesab olunmalıdır. Belə ki, bu sənəddə söhbət yalnız kitabxana binalarının müasirləşdirilməsindən deyil, həm də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqindən, elektron kataloqların, rəqəmsal kitabxanaların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasından gedir”.

Müsahibimiz daha sonra bildirdi ki, həmin tədbirdə mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları əsassız adlandırıb: “Nazir cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür”.

Qvami Məhəbbətoğlu, “İki sahil”