“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri addımlar atılır
Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi, mövcud geosiyasi kataklizmlərin fonunda, beynəlxalq gərginliklərin artdığı bir dövrdə ölkəmizdə aqrar sektorun inkişafına daha çox diqqət ayrılır. Bu gün milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsində mühüm rol oynayan aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanda əsas prioritetlərdəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən respublikamızda qurulmuş kənd təssərrüfatı modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq daha da təkmilləşdirilib.
Hazırda ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atılır, irimiqyaslı layihələr həyata keçirilir. Bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyə sərfinin azalmasına ciddi təsir edir. Bu sahədə görülən işlər bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmağa, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.
Prezident İlham Əliyev daim vurğulayır ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi həyati əhəmiyyətli məsələdir. 2022-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində dövlətimizin başçısı bildirib ki, bu məsələ ilə bağlı vacib addımlar atılır: “Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”.
2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Ötən il aqrar sahədə məhsul istehsalının həcmi 14 milyard manatdan çox olub, bu sektor ümumi daxili məhsulun 5,9 faizini formalaşdırıb. Aqrar sahə ölkədə məşğul əhalinin təxminən 35 faizini işlə təmin etməklə regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Qeyd edək ki, 2025-ci il ölkəmizin iqtisadiyyatının ümumi daxili məhsulda 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur.
Qırx dırd günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə ötən il bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarılıb. Ölkəmizdə sahibkarlara dövlət dəstəyi gündən-günə artır.
2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizinn başçısı 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının respublikamızda aqrar sektorun inkişafına verdiyi töhfələri qeyd etməklə yanaşı, kənd təsərrüfatı sahəsində ümumi vəziyyətin qənaətbəxş olmadığını bir daha diqqətə çatdırdı.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafına mühüm töhfələr verəcək. Proqram çərçivəsində balıqçılıq və akvakultura sahəsində istehsal həcminin 7,7 min tona çatdırılması hədəflənir. bu sahədə ilk dəfə olaraq subsidiya və dövlət güzəştlərinin tətbiqi nəzərdə tutulur, həmçinin yeni balıqartırma təsərrüfatlarının yaradılması və akvakultura aqroparkının təşkili planlaşdırılır. Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır.
Dövlət Proqramının icrası dövründə aqrar sektora ümumilikdə 5,9 milyard manat həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır. Bu vəsaitin 2,2 milyard manatı dövlət, 3,7 milyard manatı isə özəl sektor tərəfindən təmin ediləcək.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ölkə başçısının müşavirədə qeyd etdiyi kimi, qarşıya qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi nəticəsində tam nail oluncaq.
Qeyd edək ki, artıq proqramın icrası ilə bağlı ayrı-ayrı iqtisadi rayonlarda tədbirlər həyata keçirilir. Belə ki, iyunun 16-da Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında, eləcə də Lənkəranda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirələr keçirilib.
Bu proqramın uğurla reallaşdırılması ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, qeyri-neft ixracının genişlənməsinə, əhalinin rifahının yüksəlməsinə və kənd təssərrüfatı infrastrukturunun inkişaf etdirilməsinə böyük töhfələr verəcək.
Zahid Rza, “İki sahil”