15 iyun 2026 15:54
100

Livanın təhlükəsizliyi regionda sabitliyin ayrılmaz hissəsidir - Livan Prezidenti

Livan Prezidenti Cozef Aun Vaşinqton və Tehran arasındakı razılaşmanın İsrail və "Hizbullah" arasındakı münaqişəyə birdəfəlik son qoyacağına ümid etdiyini bildirib.

“İki sahil” "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, Aunun bəyanatını onun dəftərxanası yayıb.

Aun memorandumda "Livanın təhlükəsizliyinin regionda sabitliyin möhkəmləndirilməsi üzrə istənilən səylərin ayrılmaz hissəsi olduğu"nun təsdiqlənməsini yüksək qiymətləndirib.

"Livan xalqı ümid edir ki, bu razılaşmalar zorakılığa qəti son qoyacaq, həmçinin sabitlik, təhlükəsizlik, bərpa və yenidənqurma mərhələsinin başlanğıcını qoyacaq praktiki addımlara çevriləcək", - bəyanatda bildirilib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.