YAP Bərdə rayon təşkilatında şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi, qeyri-adi riyazi biliklərə malik, beş yaşlı Fərid Rəhman oğlu Səmədzadə ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş böyük təhsil siyasətinin bugün Müzəffər Liderimiz, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb. Fərid Səmədzadənin qazandığı uğurların, riyazi biliyinin qeyri-adi olmasının respublikada ictimaiyyət və elm adamları içərisində böyük maraq doğurduğuna diqqət çəkib. Onun təhsilinin nəzarətdə saxlanılmasının vacibliyinə toxunub. Bildirib ki, bunun üçün ölkəmizdə belə fitri istedadlı uşaqların hərtərəfli inkişafı üçün hər cür şəraiti olan məktəblər var və Fəridin gələcək uğurlu addımlarinın davamlı və elm üçün əhəmiyyətli hadisəyə çevrilməsi üçün həmin məktəblərə cəlb edilməsinin, xüsusi diqqət və nəzarətdə olmasının böyük faydası ola bilər.
Fəridin valideynləri şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi olan atası, Vətən müharibəsi iştirakçısı Rəhman Səmədzadə və Kətəlparaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həbibə Səmədzadə övladlarının fitri istedadına hər gün təəccüb etdiklərini ifadə etdilər. Bəzən 1 rəqəminin yanında 47 sıfıra gedib çıxan riyazi əməliyyatların həlli yollarının ənənəvilikdən çıxdığından danışıblar.
Tədbirdə böyüklərin sual yağışına tutulan beş yaşlı Fərid riyazi əməlləri yerinə yetirmək bacarigı və riyazi üsulların özünəməxsusluğu və qeyri-adiliyi ilə iştirakçıları heyran qoyub.
Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Nicat İsmayılov, şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Mehparə Mustafayeva Fərid Səmədzadənin bu biliklərinin davamlı və daim uğurlu olması üçün müəllimlərin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdıqlarını bildiriblər.
Sonra YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya Fərid Səmədzadəni qazandığı uğurlara görə Təşəkkürnamə ilə təltif edib və onu hədiyyələrlə mükafatlandırıb.
Sonda Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.