Azərbaycanın tanınmış şairi, tərcüməçisi və publisisti, “İki sahil” qəzetinin keçmiş əməkdaşı Akif Əhmədgil Qazaxıstan Respublikasının ən nüfuzlu ədəbi təltiflərindən biri hesab olunan Abay medalı ilə təltif olunub. Bu yüksək mükafat ona Azərbaycan və Qazaxıstan arasında ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi mühüm töhfələrə, qazax ədəbiyyatının seçkin nümunələrinin Azərbaycan dilinə peşəkar səviyyədə tərcüməsinə görə layiq görülüb.
Akif Əhmədgil uzun illərdir ki, türk xalqlarının ortaq mənəvi dəyərlərinin, zəngin ədəbi irsinin və mədəni yaxınlığının təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun yaradıcılığı və tərcüməçilik fəaliyyəti iki qardaş xalq arasında humanitar körpülərin möhkəmlənməsinə xidmət edən mühüm layihələr sırasında xüsusi yer tutur.

Azərbaycanlı ədib Qazaxıstanın görkəmli şairi, mütəfəkkiri və ictimai xadimi Oljas Süleymenovun əsərlərini Azərbaycan oxucularına təqdim etməklə yanaşı, qardaş ölkənin Xalq şairi Uluqbək Yesdəuletin “Uluqbək küçəsi” adlı şeirlər kitabını da Azərbaycan dilinə tərcümə edib. Bu nəşrlər Azərbaycan oxucusunun müasir qazax poeziyasını daha yaxından tanımasına imkan yaradıb və türk dünyasının ortaq ədəbi məkanının zənginləşməsinə mühüm töhfə verib.
Qeyd edək ki, Abay medalı qazax xalqının dahi şairi, filosofu və maarifçisi Abay Kunanbayevin adını daşıyır. Mükafat ədəbiyyatın, mədəniyyətin, elm və humanitar əməkdaşlığın inkişafında xüsusi xidmət göstərən şəxslərə təqdim olunur. Akif Əhmədgilin bu nüfuzlu mükafata layiq görülməsi onun çoxillik ədəbi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Təltif olunmazdan əvvəl Akif Əhmədgil Almatı şəhərində keçirilən, dünya şöhrətli qazax ziyalısı Oljas Süleymenovun 90 illik yubileyinə həsr edilmiş beynəlxalq ədəbi konfransda iştirak edib. Türk dünyasının müxtəlif ölkələrindən alimlərin, yazıçıların və ictimai xadimlərin qatıldığı tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi çıxış edən Akif Əhmədgil ölkəmizin ədəbi-mədəni mühitini layiqincə təmsil edib.

Konfrans çərçivəsində o, Azərbaycan xalqının yaxın dostu kimi tanınan Oljas Süleymenova doğum günü münasibətilə milli musiqi mədəniyyətimizin rəmzlərindən biri olan saz hədiyyə edib. Eyni zamanda, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yubilyara ünvanladığı təbrik məktubunu çatdıraraq iki qardaş xalqın mənəvi bağlılığının və qarşılıqlı ehtiramının ifadəsinə çevrilən mühüm missiyanı yerinə yetirib.
Hazırda Akif Əhmədgil “Azərbaycan Neft Təsərrüfatı” jurnalının xüsusi müxbiri kimi fəaliyyət göstərir. O, həmçinin Moskvada nəşr olunan beynəlxalq ədəbi-bədii “Literaturnıye znakomstva” jurnalının Azərbaycan üzrə təmsilçisidir. Onun çoxşaxəli yaradıcılığı, publisistik fəaliyyəti və tərcümələri Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması, Türk dünyası xalqları arasında ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm rol oynayır.
Akif Əhmədgilin Abay medalı ilə təltif olunması təkcə bir ədibin fərdi uğuru deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının nüfuzunun, milli tərcümə məktəbinin imkanlarının və Türk dünyasının ortaq mənəvi dəyərlərinin beynəlxalq səviyyədə etirafının göstəricisidir. Bu mükafat Azərbaycan–Qazaxıstan dostluğunun, mədəni əməkdaşlığının və ortaq ədəbi irsə verilən yüksək dəyərin növbəti təsdiqi kimi xüsusi əhəmiyyət daşıyır.
Zahid Rza, “İki sahil”