İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.
“İki sahil” AHİK-ə istinadla bildirir ki, sessiyada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov çıxış edib. O qeyd edib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu məqsədlə ölkədə əmək hüquqlarının müdafiəsi sahəsində sistemli tədbirlər görülür, normativ-hüquqi baza təkmilləşdirilir və beynəlxalq əmək standartlarının tətbiqi genişləndirilir.
Konfederasiya sədri bildirib ki, qeyd olunan prioritetlər həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri ilə tam uzlaşır. O, AHİK-in əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşlığın inkişafı istiqamətindəki fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, yeni imzalanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial-iqtisadi və əmək münasibətləri sahəsində qarşılıqlı öhdəlikləri, razılaşdırılmış mövqeləri və birgə fəaliyyət istiqamətlərini müəyyən edən mühüm sənəddir. Sahib Məmmədov qeyd edib ki, AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi həm üzvlərə, həm də qeyri-üzvlərə ödənişsiz hüquqi məsləhətlər təqdim edir. Konfederasiya, eyni zamanda, BƏT ilə “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasında iştirak edir.
Konfederasiya sədri bildirib ki, gender bərabərliyi sahəsində qadınların idarəetmə və qərarqəbuletmədə iştirakının artırılması, iş yerlərində bərabər imkanların yaradılması və inklüziv əmək mühitinin təşviqi istiqamətində ardıcıl işlər görülür. Qeyd edib ki, AHİK-də bu sahə üzrə struktur bölmənin yaradılması gender məsələlərinə institusional yanaşmanı gücləndirir və “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın icrasına töhfə verir.
Çıxış zamanı sosial dialoqun inkişafı, Milli Üçtərəfli Komissiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, BƏT-in 187 saylı Konvensiyasının ratifikasiyası və əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlər əmək münasibətlərinin səmərəli tənzimlənməsinə, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial tərəfdaşlığın inkişafına xidmət edir.
Nazir Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoruna təqdim edib
Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib