Hədəf Stars liseyində Turan Balabilgə Akademiyasının birinci buraxılışı münasibətilə məzuniyyət-hesabat tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, Akademiyanın əsas məqsədi yalnız bilik ötürən bir təhsil mühiti formalaşdırmaq deyil, eyni zamanda düşünən, yaradan və əldə etdiyi bilikləri praktik fəaliyyətə tətbiq etməyi bacaran gənclərin yetişdirilməsidir. Qeyd olunub ki, ötən altı ay ərzində bu istiqamətdə mühüm nəticələr əldə olunub, gənclərin intellektual və şəxsi inkişafına yönəlmiş müxtəlif layihələr həyata keçirilib.

Tədbirdə Turan Balabilgə Akademiyasının prezidenti, dosent Şəmil Sadiq çıxış edərək Akademiyanın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verib. O, gənclərin inkişafına yönələn təşəbbüslərin bundan sonra da davam etdiriləcəyini, onların bilik və bacarıqlarının artırılması üçün yeni proqramların hazırlanacağını diqqətə çatdırıb.
Daha sonra Turan Balabilgə Akademiyasının katibi, dosent Elvin Əliyev Akademiyanın yaradılması, fəaliyyətinin inkişaf mərhələləri və perspektiv planları barədə təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən iqtisadçı Xəqani Əliyev və Türkiyənin Nəsibə Aydın Okulları Təhsil Müəssisəsinin əməkdaşı Hüseyn Dəmirbaş çıxışlarında Akademiyanın qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək layihənin gənclərin inkişafına verdiyi töhfələri vurğulayıblar.
Qeyd edək ki, Turan Balabilgə Akademiyası altı bölmə üzrə fəaliyyət göstərir. Tədbir çərçivəsində bölmələrin elmi rəhbərləri – Maliyyə və Biznes bölməsi üzrə Vasif Əliyev, Süni zəka və Data bölməsi üzrə Məmməd Məmmədov, Yaradıcı Yazarlıq bölməsi üzrə Ramil Əhməd, Fizika və Texniki fənlər bölməsi üzrə Qalib Şərifov, Kimya, Biologiya və Həyat Elmləri bölməsi üzrə Fətəli Hüseynov, Tarix və Mədəniyyət bölməsi üzrə isə Dilqəm Əhməd hesabat məruzələri və təqdimatlarla çıxış edərək görülmüş işlər, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
Sonda Akademiyanın təhsil proqramını uğurla başa vuran balabilgələrə buraxılış diplomları təqdim olunub, onların inkişafında xidmət göstərən elmi rəhbərlər isə xatirə plaketləri ilə təltif ediliblər. Tədbir iştirakçıları Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıb, ilk buraxılışın ölkənin gənclər siyasətinə və intellektual inkişaf mühitinə mühüm töhfə verəcəyini bildiriblər.
Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar