26 may 2026 10:02
46

Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu dəyərli fikir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən söylənmişdir. Bu sözlər müstəqilliyin nə qədər böyük əhəmiyyət daşıdığını və onu qorumağın vacibliyini ifadə edir. Həqiqətən də, tarix boyu bir çox xalqlar müstəqillik əldə etmiş, lakin onu qoruyub saxlamaq üçün böyük çətinliklərlə qarşılaşmışlar.

Müstəqillik dövlətin azad və sərbəst şəkildə idarə olunması deməkdir. Lakin müstəqilliyi əldə etdikdən sonra dövlətin qarşısında daha məsuliyyətli vəzifələr dayanır. Güclü iqtisadiyyat qurmaq, ordunu möhkəmləndirmək, xalqın rifahını yaxşılaşdırmaq və milli birliyi qorumaq müstəqilliyin davamlı olması üçün əsas şərtlərdir. Əgər ölkədə sabitlik və birlik olmazsa, müstəqillik təhlükə altına düşə bilər.

Azərbaycan xalqı 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq həmin dövrdə ölkədə siyasi qarışıqlıq, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir çətin zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitlik yaratdı, dövlətçiliyi möhkəmləndirdi və Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünya dövlətləri arasında öz layiqli yerini tutdu.

Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, ordumuz qüdrətli hala gəlmişdir. Xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə xalqımızın birlik və vətən sevgisinin nəticəsi idi.

Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimiz isə hər zaman böyük hörmət və ehtiramla yad olunur. Şəhidlər xalqımızın qəhrəman oğullarıdır. Onların göstərdiyi igidlik və fədakarlıq sayəsində bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda dalğalanır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizin xatirəsini daim uca tutmalı və onların qəhrəmanlığını unutmamalıdır.

Bu gün Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malikdir. Bütün bunlar müstəqilliyimizin möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Xalqımızın Vətənə bağlılığı və vətənpərvərliyi də dövlətimizin güclənməsində mühüm rol oynayır.

Bu  qənaətə gəlmək olar ki, müstəqilliyi əldə etmək böyük qəhrəmanlıq tələb edirsə, onu qorumaq daha böyük məsuliyyət, birlik və zəhmət tələb edir. Hər bir vətəndaş öz dövlətini sevməli, onun inkişafı və müstəqilliyinin əbədi olması üçün çalışmalıdır. Çünki müstəqillik hər bir xalqın ən böyük sərvətidir.

Sevinc Həsənova,
YAP Xətari rayon təşkilatının fəalı,
260  nömrəli məktəbin tarix müəllimi