26 may 2026 12:28
111

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri nazirlə görüşə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar iyunun 3-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-ü saat 08:00-da DİN-in Daxili Qoşunlarının Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.