Qurban bayramı münasibətilə Tərtər rayonunun Kəngərli kəndində Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və millət vəkili Anar Məmmədovun dəstəyi ilə 100-ə yaxın ailənin bəhrələnəcəyi texniki su xəttinin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, kənd sakinləri, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Anar Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, istifadəyə verilən su layihəsinin şəhid Talıb Əli oğlu Şəldiyevin həyat yoldaşının müraciətindən sonra öz müsbət həllini tapdığını kənd sakinlərinin diqqətinə çatdırıb.
Mərasimdə çıxış edən kənd sakinləri də əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəblilər tədbir iştirakçıları üçün vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.