19 may 2026 15:09
88

Qarabağ və Şərqi Zəngəzur dayanıqlı inkişaf mərkəzinə çevrilir

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasəti dayanıqlı inkişaf, yaşıl enerji və regional iqtisadi inteqrasiyanın əsas istiqamətlərindən birinə çevrilib.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur regionunun ümumi yaşıl enerji potensialı təxminən 10 giqavat həcmində qiymətləndirilir. Hazırda ümumi gücü 300 meqavatdan artıq olan hidroelektrik stansiyalar artıq fəaliyyət göstərir. Eyni zamanda, ümumi gücü 340 meqavat təşkil edən üç Günəş elektrik stansiyasının tikintisi davam edir. Su ehtiyatlarının səmərəli idarə olunması regional inkişaf və ölkənin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

“Hazırlanan strateji plan çərçivəsində ümumi tutumu 860 milyon kubmetrdən artıq olan doqquz su anbarının yaradılması nəzərdə tutulur. Bu layihələr kənd təsərrüfatının inkişafı və suvarma imkanlarının genişləndirilməsi üçün mühüm potensial formalaşdıracaq. Həmin resurslar ölkə üzrə 600 min hektardan çox əkin sahəsinin su təminatına dəstək verəcək.

Ağdam və Cəbrayılda ümumi sahəsi 400 hektar olan iki sənaye parkı yaradılıb. Hazırda burada 50-dən çox rezident şirkət fəaliyyət göstərir və ya müxtəlif layihələrin icrasını həyata keçirir”, – deyə komitə sədri diqqətə çatdırıb.

Anar Quliyev bildirib ki, sənaye parklarında həyata keçirilən layihələrin ümumi investisiya həcmi 282 milyon ABŞ dollarını ötüb.