01 may 2026 22:22
150

Qalib ölkə, qalib prezident və qalib komanda

Azərbaycan idmanının son onilliklərdəki yüksəlişi yalnız medal statistikası ilə ölçülmür. Bu yüksəliş həm də dövlət başçısının idmana olan şəxsi marağı, idmançılarla mütəmadi görüşləri və hər bir qələbənin milli səviyyədə qeyd edilməsi ilə xarakterizə olunur. Bu dəfə belə bir görüş Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan güləşçiləri üçün təşkil edildi.

Prezident, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyev milli qəhrəmanları qəbul edərək onları tarixi nailiyyət münasibətilə təbrik etdi. “Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər,” — deyən dövlət başçısı vurğuladı ki, Avropa çempionatında komanda hesabında birinci olmaq təsadüfi deyil, uzunmüddətli strateji işin və gənc nəsillərə yatırılan sərmayənin bəhrəsidir. Prezident qeyd etdi ki, müasir güləşdə rəqabət həddindən artıq yüksəkdir: “Bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.” Bu cümlə Prezidentin təkcə rəsmi qəbullarla məhdudlaşmadığını, yarışları diqqətlə izlədiyini və hər bir güləşçinin fərdi üslubunu tanıdığını göstərir.

Tarixən Azərbaycanda güləş yalnız idman növü deyil, həm də milli kimliyin, mərdliyin və namusun təcəssümü olub. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı: “Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq.” Lakin o, eyni zamanda qeyd etdi ki, ənənələrə sadiqlik inkişafın əleyhinə deyil. Əksinə, məhz seleksiya işinin düzgün qurulması, regionlarda Olimpiya İdman Komplekslərinin fəaliyyəti və gənclərin bu sistemə cəlb edilməsi sayəsində Azərbaycan güləşi nəsildən-nəslə güclənərək irəliləyir. Dövlət başçısı federasiya rəhbərliyinin və məşqçi korpusunun tərkibini də yüksək qiymətləndirdi: “Bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.”

Tiranada üç dəfə Azərbaycanın dövlət himni səsləndi — həm yunan-Roma, həm sərbəst, həm də komanda hesabında. Prezident bu hissi təsvir edərkən dedi: “Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir.” Onun fikrincə, bu sevinc sadəcə bir anlıq zövq deyil; eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün güclü vasitədir. Prezident idmanı cəmiyyətin ayrılmaz hissəsi adlandıraraq son illərdə bu sahədə gedən müsbət proseslərin hər kəsi sevindirdiyini vurğuladı.

Görüşdə qadın güləşçilərə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev qızların medalçılar sırasında olduğunu görməkdən məmnunluğunu ifadə edərək dedi: “Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm.” Prezident realist yanaşma da nümayiş etdirdi: qızlar arasında medalçıların sayının daha çox ola biləcəyini, lakin bəzi hallarda bəxt gətirmədiyini və ya texniki səhvlər olduğunu etiraf etdi. Bununla belə, onun nikbinliyi qətiyyətlidir. “Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir,” — bu fikir idman siyasətinin hərtərəfli olduğunu göstərir.

Qəbulun ən diqqətçəkən və unikal məqamlarından biri Prezident İlham Əliyevin idmançıların xalça üzərində olduğu kimi xalçadan kənarda da nümunəvi davranış göstərmələrini vurğulaması oldu. “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir,” — dedi. O, tarixdən misal çəkdi: bəzi ölkələrdə məşhur idmançıların şöhrətə dözməyərək səhvlər etdiyini, nəticədə cəmiyyət qarşısında nüfuzdan düşdüyünü xatırlatdı. Azərbaycanda isə, Prezidentin təqribən 30 illik Milli Olimpiya Komitəsinə rəhbərlik dövründə belə hallar baş verməyib. “Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır.”

Prezident İlham Əliyev görüşdə reallıqları açıq şəkildə dilə gətirdi: “Bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.” Bununla belə, onun tövsiyəsi aydındır: “Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.”

Prezident İlham Əliyevin çıxışının ən güclü emosional tellərindən biri zaman və nəsillər mövzusu idi. O, 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini xatırladaraq dedi: “Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.” Prezident qeyd etdi ki, ölkəmizdə keçirilən böyük yarışlar — Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları — idmanın inkişafına verilən dövlət dəstəyinin bariz nümunələridir. “İdmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər.”

Görüşün sonunda Prezident bir məqamı xüsusi vurğuladı: “Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.” Bu nailiyyət həqiqətən nadirdir. Avropa çempionatları tarixində bir ölkənin həm yunan-Roma, həm də sərbəst güləşdə eyni vaxtda komanda hesabında çempion olması tez-tez rast gəlinən hal deyil. Prezidentin bu qeydi göstərir ki, o, təkcə nəticələri deyil, həm də bu nəticələrin çəkisini, tarixi əhəmiyyətini dəqiq dərk edir.

Bu qəbul sadəcə bir təbrik deyildi. Bu, idman vasitəsilə xalqa edilən bir xitab, dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin təzahürü və gələcək nəsillərə göndərilən bir mesaj idi. Prezidentin sözləri ilə yekunlaşdıraq: “Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Əminəm ki, gələcəkdə də Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi