01 may 2026 09:58
159

Xəzərin dərinliklərindən zirvəyə

Xaliddin Tatlıyevin 90 illik ömür yolunun yaddaqalan saysız-hesabsız ştirixləri

Azərbaycan neft sənayesinin tarixində elə simalar var ki, onların ömür yolu bütöv bir dövrün salnaməsinə çevrilir. Bu mənada Xaliddin Tatlıyevin həyatı və fəaliyyəti yalnız fərdi uğur hekayəsi deyil, həm də Xəzər dənizinin sərt qoynunda formalaşan böyük bir peşə məktəbinin canlı nümunəsidir. Onun 90 illik yubileyi münasibətilə geriyə boylananda görünən mənzərə zəhmət, cəsarət və peşəkarlığın nadir vəhdətidir.

Neftçi peşəsi hər zaman fədakarlıq və məsuliyyət tələb edən sahə kimi tanınıb. Xüsusilə Xəzərdə çalışanlar üçün bu peşə sadəcə əmək fəaliyyəti deyil, həyat tərzidir. Dənizin sərt dalğaları, gözlənilməz təhlükələr və min metrlərlə dərinlikdə aparılan işlər yalnız peşəkar bilik deyil, həm də iradə və cəsarət tələb edir. Məhz belə bir mühitdə yetişən Xaliddin Tatlıyev ömrünü “qara qızıl”ın hasilatına həsr edən neftçilər nəslinin layiqli nümayəndələrindəndir.

1936-cı il mayın 3-də Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya gələn Xaliddin Tatlıyev gənc yaşlarından zəhmətə və elmə bağlılığı ilə seçilib. Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) aldığı ali təhsil onun gələcək həyat yolunu müəyyənləşdirib. İlk əmək fəaliyyətinə Özbəkistanda qazmaçı köməkçisi kimi başlayan gənc mütəxəssis qısa müddətdə peşəkarlığı ilə diqqəti cəlb edərək qazmaçı kimi məsul vəzifəyə yüksəlib.

Azərbaycana qayıtdıqdan sonra onun fəaliyyəti Xəzər dənizi ilə sıx bağlı olub. Sahil Kəşfiyyat Qazma Kontorunda qazmaçı və qazma ustası kimi işləyən X.Tatlıyev sonradan mühəndis və rəhbər vəzifələrə irəli çəkilib. 1960–1970-ci illərdə yeni yaradılan qazma kontorlarında sahə rəisi kimi çalışması onun təşkilatçılıq bacarığını da üzə çıxarıb.

Təcrübəli neftçinin peşəkar həyatında xüsusi mərhələ 1980-ci illərdən başlayır. Bu dövr Xəzərin dərinliklərində yeni texnologiyaların tətbiqi, yarımdalma qazma qurğularının istismara verilməsi və mürəkkəb geoloji şəraitdə qazma işlərinin aparılması ilə xarakterizə olunur. Xaliddin Tatlıyev bu proseslərin mərkəzində dayanaraq həm təşkilati, həm də texniki baxımdan mühüm qərarların qəbulunda iştirak edib.

1982-ci ildə Xəzərə ilk yarımdalma qazma qurğusunun gətirilməsi ilə bağlı baş verən hadisə onun peşəkar cəsarətinin bariz nümunəsidir. Xarici mütəxəssislərin müxtəlif səbəblərlə qurğunu tərk etdiyi bir vaxtda yerli mühəndislərin üzərinə böyük məsuliyyət düşmüşdü. Məhz həmin anda Xaliddin Tatlıyev və onun həmkarları riskə gedərək işləri davam etdirmək qərarı verdilər. Qısa müddətdə qazma işlərinə başlanılması yalnız texniki uğur deyil, həm də Azərbaycan neftçilərinin peşəkarlığının sübutu oldu.

Daha bir dramatik hadisə isə yüksək təzyiqli layda aparılan sınaqlar zamanı yaşanıb. Qəza anında buruğun içərisində qalaraq təhlükəni aradan qaldıran Xaliddin Tatlıyev faktiki olaraq böyük faciənin qarşısını alıb. Bu epizod onun yalnız mühəndis deyil, eyni zamanda, risk qarşısında geri çəkilməyən bir neftçi olduğunu göstərir. Onun rəhbərliyi ilə “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqlarda aparılan kəşfiyyat işləri Azərbaycanın neft strategiyasının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə dənizin dibində sualtı avadanlıqların quraşdırılması kimi mürəkkəb texniki layihələrin uğurla icrası ölkənin neft sənayesində yeni mərhələnin başlanğıcı olub.

1990-cı illər isə Azərbaycanın neft tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji sektorunda yeni dövr açdı. Həmin dövrdə SOCAR-ın Qazma şöbəsinin rəisi kimi çalışan Xaliddin Tatlıyev beynəlxalq layihələrin icrasında fəal iştirak edərək xarici şirkətlərlə əməkdaşlığın qurulmasına töhfə verib. O, ABŞ, Böyük Britaniya, Almaniya, Norveç kimi ölkələrdə keçirilən müzakirələrdə Azərbaycanı təmsil edərək milli neft sənayemizin maraqlarını qoruyub. Bu fəaliyyət yalnız peşəkar bilik deyil, həm də yüksək etimad göstəricisi idi.

Xaliddin Tatlıyev elmi fəaliyyətlə də məşğul olaraq qazma məhlullarının təkmilləşdirilməsi sahəsində mühüm yeniliklərə imza atıb. Onun müəllifi olduğu çoxsaylı patentlər istehsalatda tətbiq edilərək real iqtisadi səmərə verib. Texnika üzrə fəlsəfə doktoru kimi o, həm də biliklərini yeni nəsil mütəxəssislərlə bölüşüb.

Onun zəngin fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. “Tərəqqi” medalı, “Əməkdar mühəndis” fəxri adı, müxtəlif mükafat və təltiflər bu zəhmətin rəsmi təsdiqidir. Hazırda Prezident təqaüdçüsü kimi onun adı Azərbaycan neft sənayesinin görkəmli simaları sırasında yer alır.

Xaliddin müəllimin xatirələrini təhlil edərkən bu qənaətə gəldik ki, Xəzər dənizi nə qədər sərt və mürəkkəb olsa da səxavəti də çoxdur. Onun bərkdən-boşdan çıxardığı mərd oğullarına bəxş etdiyi təkcə hörmət-izzət deyil, həm də xoş duyğular, kövrək hisslərdir. El arasında deyildiyi kimi, dəniz neftçiləri tez ünsiyyət quran, sözübütöv və dostluqda möhkəm insanlardır. Ən önəmlisi odur ki, bu peşəkar neftçi haqqında mərhum akademik Xoşbəxt Yusifzadə öz ürək sözlərini belə ifadə etmişdi: “Uzun illərdən bəri tanıdığım, yüksək insani keyfiyyətlərinə və mühəndislik istedadına yaxşı bələd olduğum fəlsəfə doktoru Xaliddin Sadəddin oğlu Tatlıyev peşəsinin zirvəsinə ucalmış mütəxəssislərdəndir. Neft sənayesində öz izini qoymuş Xaliddin müəllim bilik və bacarığını əsirgəməyərək, üzərinə düşən vəzifəni daim layiqincə yerinə yetirmiş, öz peşəsindən və gördüyü işdən həqiqi mənada zövq almışdır.”

Bu gün 90 illik ömür yoluna nəzər salarkən aydın görünür ki, Xaliddin Tatlıyevin həyatı təkcə şəxsi uğurlar toplusu deyil. Bu, həm də Xəzərin sərt qoynunda yetişən, riskdən çəkinməyən, zəhməti ilə tarix yazan Azərbaycan neftçisinin portretidir. Onun öz sözləri ilə desək, “dəniz neftçiləri cəsarətli və möhkəm iradəli insanlar olurlar”. Elə buna görə də bu peşəni seçənlər üçün Xəzər sadəcə iş yeri deyil, həyatın özü, mübarizə meydanı və şərəf məktəbidir.

“İki sahil” olaraq bu məktəbin yetirməsi olan, ömrünü şərəf və ləyaqətlə yaşayan, Azərbaycan neft sənayesində zəngin irs qoyan azman neftçimiz Xaliddin Tatlıyevi 90 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.

Orxan Vahidoğlu, “İki sahil”