22 aprel 2026 19:32
128

Rəqəmsal asılılıq uşaqlarda boyun yırtığı riskini artırır

Rəqəmsal cihazlardan həddindən artıq istifadə uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bildirirlər ki, əvvəllər əsasən orta yaşlarda rast gəlinən boyun yırtığı artıq uşaqlar arasında da müşahidə olunur və bu problemin yaşı 8-ə qədər enib.

Bu barədə Türk Pediatriya Dərnəyinin təşəbbüsü ilə Antalya şəhərində keçirilən konqresdə çıxış edən uşaq revmatologiyası üzrə türkiyəli revmatoloq Kenan Barut məlumat verib. Onun sözlərinə görə, rəqəmsal asılılıq uşaqlarda onurğa problemlərinin artmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, mobil telefon və planşetlərdən uzun müddət istifadə zamanı başın önə əyilməsi boyun nahiyəsinə düşən yükü artırır. Normal vəziyyətdə 4-5 kiloqram olan bu yük cihazlara baxarkən 30 kiloqrama qədər yüksəlir ki, bu da zamanla boyun yırtığı və digər onurğa problemlərinin yaranmasına gətirib çıxarır. Eyni zamanda, uşaqlarda düzgün duruş vərdişlərinin pozulması da diqqət çəkir. Uzun müddət hərəkətsiz qalmaq və fiziki aktivliyin azalması nəticəsində boyun və oynaqlarda ağrılar artır, “texno-boyun” adlandırılan vəziyyət geniş yayılır. Revmatoloq bildirir ki, hərəkətsiz həyat tərzi uşaqlarda düz dabanlıq hallarının da artmasına səbəb olur.

Kenan Barutun sözlərinə görə, uşaqların gündəlik fiziki aktivliyinin azalması əsas risk faktorlarından biridir. “American Academy of Pediatrics” isə uşaqlara hər gün ən azı 60 dəqiqə fiziki aktivlik tövsiyə edir.

Türkiyəli revmatoloq valideynlərə və müəllimlərə çağırış edərək xəbərdarlıq edir ki, uşaqların texnologiyadan istifadə müddəti məhdudlaşdırılmalı, cihazlardan istifadə zamanı ekranla göz arasındakı məsafəyə diqqət yetirilməli və hər 30 dəqiqədən bir fasilə verilməlidir. Bundan əlavə, düzgün oturuş vərdişlərinin formalaşdırılması və fiziki aktivliyin artırılması vacib hesab olunur. Qeyd edilir ki, vaxtında tədbir görülməzsə, rəqəmsal asılılıq uşaqlarda daha ciddi ortopedik və revmatoloji problemlərin yaranmasına səbəb ola bilər.

Şahnigar Əhmədova, “İki sahil”