22 aprel 2026 13:06
145

Anar Məmmədov vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Tərtər rayonunun Yuxarı Qapanlı kəndində sakinlərin növbəti qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, seçicilərin müraciətlərini yerindəcə dinləmək və mövcud problemlərin həlli yollarını müzakirə etmək məqsədilə təşkil olunan qəbulda Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, şəhid ailələrinin üzvləri, qazilər və kənd ağsaqqalları iştirak edərək kəndin ümumi qayğılarını və fərdi müraciətləri diqqətə çatdırıblar.

Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən kəndin içməli su xəttinin çəkilişi və mövcud su təminatının yaxşılaşdırılması, sakinlərin, xüsusilə gənclərin işsizlik probleminin aradan qaldırılması və məşğulluq imkanlarının artırılması olmuşdur.

Deputat Anar Məmmədov çıxış edərək bildirib ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, regionlarda əhalinin rifahının yüksəldilməsi və infrastruktur layihələrinin icrası daim diqqət mərkəzindədir. O, səsləndirilən hər bir müraciətin qeydiyyata alındığını və qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həlli üçün müvafiq qurumlar qarşısında vəsatət qaldırılacağını vurğulayıb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin mütəmadi keçirilən görüşlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.