Dövlət başçısı İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bir daha diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına yönəldərək bildirdi ki, genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq
Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.

Bu reallıq inkaredilməzdir ki, Azərbaycan malik olduğu iqtisadi resursları, coğrafi məkanı və elmi potensialı ilə daim dünyanın diqqətində olub. Cənab İlham Əliyev Azərbaycanın üstünlüklərindən bəhs edərkən coğrafi mövqeyini xüsusi qeyd edir və bu məqamı da diqqətə çatdırır ki, bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Prezident İlham Əliyev bu ilin fevralında keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə hazırkı dövrün bu çağırışını qeyd etmişdir ki, dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
Bu gün Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanmasından geniş bəhs edirik. Uğurlarımızın təməlində dövlətimizin düşünülmüş siyasəti dayanır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla addımladı və bu gün təkmil inkişaf modelini dünyaya təqdim edir. Ən əsası iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirən ölkəmiz sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Hər bir ölkənin inkişafında iqtisadiyyat əsas faktordur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyi uğurla dəf etməyi şərtləndirir. Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bu reallıqlara xüssusi diqqət yönəldərək bildirir ki, Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr hazırda sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır. Azərbaycan BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir. Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək regional bağlantıları daha da artıracaq.
Azərbaycanın tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycan hər zaman yeni körpülərin qurulmasında maraqlı olduğunu atdığı real addımları ilə təsdiqləyir. Təbii ki, burada söhbət təkcə dəmir yollarının, limanların tikintisindən deyil, ölkələr arasında körpülərin qurulmasından gedir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri, həmçinin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu məqsədə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Prezident İlham Əliyevin sözügedən müraciətində də qeyd edilir ki, Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Bu gün Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında neft-qaz sektorunda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqətindədir. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin, şəffaflığın daha da artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir ki, Azərbaycan Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında əsas rol oynayır.
Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.
Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqları da diqqətə çatdırır. Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışdır.
Azərbaycanın tarixi Zəfərindən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsini daha da aktuallaşdırması beynəlxalq səviyyədə təqdir edilir. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmə bir daha işıq saldı. Bu tədbir Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Azərbaycanın beynəlxalq qurumlara sədrliyi, həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi ölkəmizə böyük əməkdaşlıq təcrübəsi qazandırıb. BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 sədrlik edən Azərbaycanın qurumun beynəlxalq nüfuzuna qazandırdığı əlavələr iştirakçı və digər dövlətlərə aydındır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim ona böyük uğurlar qazandırır. Bu sırada ölkəmizin D-8 təşkilatına üzvlüyünü qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyev həmin müraciətində Azərbaycanın tarixi Zəfərimizdən sonra xarici siyasət uğurlarından da bəhs edir. Bildirir ki, münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurlu ev sahibliyi beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.
Cənab İlham Əliyevin hər bir çağırışı dünənimizin və bugünümüzün reallıqları fonunda gələcəyimizə hədəflənir. Prezident İlham Əliyev qeyd etdiyimiz müraciətində Azərbaycanın sülh təcrübəsini də diqqətə çatdırdı. 2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur. Bu gün sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.
Azərbaycanın ədalətin, beynəlxalq hüququn yanında olması beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycanın gələn ay ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bunun bariz nümunəsidir. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi Azərbaycan sessiyada öz təcrübəsini bölüşəcək və ən yaxşı qlobal təcrübələrlə tanış olacaq.
Yeganə Əliyeva, “İki sahil”