V Antalya Diplomatiya Forumu çərçivəsində “İmkanlar rədd edildi: Humanitar yardım fəaliyyətlərində süni maneələri aşmaq” mövzusunda panel iclas keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş katibi Caqannat Çapaqainin, Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmazın, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini Ramiz Ələkbərovun, BMT-nin Dünya Qida Proqramının icraçı direktorunun müavini Carl Skaunun mövzu ilə bağlı fikirləri dinlənilib.
Fatma Meriç Yılmaz humanitar yardım fəaliyyətlərində yaradılan süni maneələrin yalnız bugünün problemi olmadığını, bunun bəşəriyyətin ortaq vicdanının mühakiməsi kimi qiymətləndirməyin doğru olacağını bildirib. O, bu problemləri aşmağın müzakirə edilməsinin vacibliyinə toxunub.
Ramiz Ələkbərov isə çıxışında dünyanın bir çox hallarda ikili standartlarla qarşılaşdığını, bəzi şəraitlərdə qəbul olunan yanaşmaların başqa hallarda qəbul edilmədiyini deyib: “Halbuki biz universal qaydalar tətbiq olunduğunu iddia edirik. Bu uğursuzluqların qarşısını ala bilməməyimizin əsas səbəbi sistemli şəkildə siyasi ölçüyə bağlıdır. Bu siyasi ölçü isə BMT Təhlükəsizlik Şurasının islahatından, ümumilikdə siyasi sistemin yenilənməsindən, qlobal nizamın və təhlükəsizliyin necə qorunmasına yenidən baxılmasından başlamalıdır. Təəssüf ki, bu istiqamətdə irəliləyiş yoxdur”.
Humanitar yardım məsələlərinə münasibətin dəyişməsinin zəruriliyini ifadə edən Ramiz Ələkbərov deyib: “Bizə fərqli bir yanaşma lazımdır, elə bir yanaşma ki, humanitar yardımın həll olunmamış siyasi problemlər üçün sadəcə müvəqqəti vasitə olmadığını qəbul etsin. Biz humanitar yardımın maneəsiz, geniş miqyasda çatdırılmasını və ədalətli şəkildə ehtiyacı olan hər kəsə paylanmasını təmin etməliyik. Siyasi məsələlər isə XXI əsrin standartlarına uyğun şəkildə və beynəlxalq öhdəliklərimiz çərçivəsində həll olunmalıdır. Lakin bunun üçün siyasi iradə lazımdır. Son münaqişələrdə gördük ki, bu siyasi iradə yetərli olmadı, və bu, faciəvidir”.
Digər çıxışçılar humanitar yardımın getdikcə daha çox məhdudlaşdırılmasını, yardımın çatdırılmasının qarşısının alınmasını müasir böhranların ən xarakterik xüsusiyyətlərindən birinə çevrildiyini bildiriblər. Qeyd edilib ki, sürətli, təhlükəsiz və maneəsiz humanitar yardım fəaliyyətlərinə tətbiq edilən genişmiqyaslı süni məhdudiyyətlər mövcud böhranların şiddətini artırır, münaqişələrin müddətini və intensivliyini uzadır. Zəif siyasi iradə, qlobal idarəetmədəki uğursuzluqlar, cəzasızlıq, bürokratik maneələr və maliyyə çatışmazlığı humanitar çıxışı mübahisəli bir sahəyə çevirib. Davam edən cəzasızlıq isə humanitar yardımı silah kimi istifadə edənləri təşviq edir. Paneldə bu problemlərin mahiyyəti, eləcə də daha prinsipial, humanist bir gələcək üçün humanitar çıxışın necə bərpa oluna biləcəyi təhlil edilib.