18 aprel 2026 13:54
109

Gürcüstanlı nazir: Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir

Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkədir.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın idman naziri Şalva Qoqoladze Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bizim Azərbaycanla dostcasına münasibətlərimiz var. Mən Azərbaycana bir neçə rəsmi səfər etmişəm və orada həmkarım Fərid Qayıbovla görüşmüşəm. Ölkələrimiz arasında mövcud olan bu münasibətlər müxtəlif istiqamətlər üzrə, o cümlədən idman sahəsində, keçirilən tədbirlər və yarışlar vasitəsilə davam etdiriləcək”.

Şalva Qoqoladze qeyd edib ki, hər iki ölkə bir-birində təşkil olunan idman yarışlarında fəal iştirak edir: “Gürcüstan olaraq biz Azərbaycanla bağlı bütün yarışlarda iştirak edirik, azərbaycanlı idmançılar da Gürcüstanda keçirilən tədbirlərdə yer alırlar”.

O, ilin sonunda Bakıda keçiriləcək dünya çempionatının yüksək səviyyədə təşkil olunduğuna əminliyini ifadə edib: “Əminəm ki, Azərbaycan bu çempionatı da əvvəlkilər kimi çox yüksək səviyyədə təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.