15 aprel 2026 18:45
104

Uzunmüddətli öskürək halları artır

Yaz allergiyası əsas səbəblərdən biridir

Yaz fəslində hava şəraitinin dəyişkənliyi və polenlərin artması fonunda uzunmüddətli öskürək şikayətləri geniş yayılıb. Mütəxəssislər bildirirlər ki, temperatur dəyişiklikləri, havanın çirkliliyi və allergik faktorlar bronxları həssaslaşdıraraq yuxarı tənəffüs yolu problemlərini artırır.

Türkiyəli pulmonoloq Ergün Tozkoparan problemlə bağlı açıqlamasında qeyd edib ki, bəzi hallarda soyuqdəymə və ya boğaz ağrısı kimi ilkin simptomlar aradan qalxsa da, öskürək həftələrlə davam edə bilər. Onun sözlərinə görə, bronxların həssaslaşması nəticəsində xəstələrdə xırıltılı nəfəs, boğazda qıcıqlanma və xüsusilə gecə saatlarında güclənən öskürək müşahidə olunur ki, bütün bunlar da yuxu keyfiyyətinə mənfi təsir edir.

Mütəxəssis vurğulayıb ki, uzun müddət davam edən öskürək hər zaman infeksiya ilə bağlı olmur. Bəzi hallarda orqanizm infeksiyanı aradan qaldırsa da, allergik fon və ya bronxların həssaslığı öskürəyin davam etməsinə səbəb olur. Bu baxımdan düzgün diaqnozun qoyulması üçün həkim müayinəsi vacib hesab olunur.

Həkimlər, həmçinin cəmiyyətdə mövcud olan bəzi yanlış fikirlərə də diqqət çəkirlər. Belə ki, uzunmüddətli öskürəyin mütləq infeksiyanın davam etməsi kimi qiymətləndirilməsi, eləcə də antibiotiklərin bütün hallarda effektiv olduğu düşüncəsi doğru deyil. Qeyd olunur ki, bahar allergiyası yalnız burun axıntısı ilə məhdudlaşmır, eyni zamanda, öskürək, xırıltı və sinədə sinədə sıxılma kimi əlamətlərlə də özünü göstərə bilər.

Ergün Tozkoparan əlavə edib ki, yaz aylarında müşahidə olunan öskürəklərin əksəriyyəti bakterial infeksiya ilə bağlı olmadığından antibiotik istifadəsi çox vaxt zəruri olmur. Onun sözlərinə görə, antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirlidir və əsassız istifadəsi həm yan təsirlərə, həm də antibiotikə davamlılığın artmasına səbəb ola bilər.

Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, uzunmüddətli öskürək hallarında alternativ müalicə üsulları ilə kifayətlənməsinlər və vaxtında həkimə müraciət etsinlər.

Şahnigar Əhmədova, “İki sahil”