07 aprel 2026 00:07
113

Sozar Subari: Gürcüstan və Azərbaycandan keçən tranzit dəhlizi ən qısa və əlverişli marşrutlardan biridir

Gələcəkdə Mərkəzi Asiya resurslarına daha geniş çıxış əldə etmək Avropa və ABŞ-nin maraqlarına uyğundur və Gürcüstan bu istiqamətdə əlverişli marşrutlardan biridir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin vitse-spikeri, “Xalqın Gücü” partiyasının sədri Sozar Subari mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın sabitliyi həm Avropanın təhlükəsizliyi, həm də beynəlxalq iqtisadi layihələr üçün vacibdir. “Geosiyasəti az-çox başa düşən hər kəs bilir ki, qlobal iqtisadi layihələr regionumuzda Gürcüstandan yan keçməklə həyata keçirilə bilməz. Buna görə də Gürcüstanda sülh təkcə bizim üçün deyil, həm də Avropa və onun təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Vitse-spiker qeyd edib ki, gələcəkdə Orta Asiya resurslarına daha geniş çıxış Avropa və ABŞ üçün strateji maraq kəsb edir və Gürcüstan bu baxımdan əlverişli marşrutlardan biridir. Onun sözlərinə görə, Cənubi Qafqaz dəhlizi Çin yüklərinin Avropaya tranziti üçün də mühüm əhəmiyyət daşıyır. Lakin aydındır ki, bu regionda Gürcüstan yeganə dəhliz ola bilməz.

Sozar Subari bildirib ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra bir çox Avropa ölkəsi Rusiya vasitəsilə yük daşımalarını davam etdirəcək və bu proses müharibə dövründə də tam dayanmayıb. Onun sözlərinə görə, yüklərin bir hissəsi Zəngəzur dəhlizi vasitəsilə də daşınacaq və belə şəraitdə Gürcüstandan keçən marşrutun mümkün qədər rəqabətqabiliyyətli və əlverişli olması vacibdir.

“Əgər daha geniş regionda sülh və iqtisadi inkişaf təmin olunarsa, hər kəs üçün kifayət qədər yük olacaq. Bu baxımdan Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkələrimizdən keçən tranzit dəhlizi digər marşrutlarla müqayisədə ən qısa və ən əlverişli alternativlərdən biridir”, – deyə o əlavə edib.