06 aprel 2026 21:23
227

Valideynlərin bu davranışı gənclərdə depressiyanı artırır?

Yeni aparılan araşdırma göstərir ki, yeniyetmələr arasında artan narahatlıq və depressiya halları valideynlərin həddindən artıq qoruyucu davranışları ilə əlaqəli ola bilər.

ABŞ-ın Miçiqan Universitetinə bağlı C.S. Mott Uşaq Xəstəxanasının keçirdiyi sorğuda 13-18 yaş aralığında olan yeniyetmələrin valideynlərinin rəyi öyrənilib. 1000-dən çox valideyn iştirakı ilə aparılan sorğunun nəticələri göstərib ki, valideynlərin yarıdan azı yeniyetmə övladlarını qısa müddət üçün tək buraxmağa razıdırlar. Sorğuya əsasən, valideynlərin yalnız üçdə biri uşaqlarının yaxınlıqdakı məkanlara tək getməsinə icazə verir, cəmi 20 faizi isə onların valideynsiz yalnız əyləncə parkı və ya muzeyə getməsinə razıdırlar. Hər beş valideyndən biri isə səyahət zamanı övladının ondan ayrı qalmasına heç vaxt icazə vermədiyini bildirib.

Mütəxəssislər qeyd edirlər ki, bu göstəricilər əvvəlki nəsillərlə müqayisədə müasir gənclərin daha az müstəqil olduğunu ortaya qoyur. Halbuki əvvəlki dövrlərdə yeniyetmələr məktəbə tək gedir, yarımştat işləyir və dostları ilə sərbəst görüşə bilirdilər.

Psixoloqların fikrincə, müstəqilliyin məhdudlaşdırılması gənclərin emosional inkişafına mənfi təsir göstərir. Boston Kollecinin psixoloqu Peter Gray bildirib ki, yeniyetmələr arasında həyəcan pozuntuları (anksiyete), depressiya və hətta intihar hallarının artması bu kontekstdə təəccüblü deyil. Digər bir mütəxəssis Sarah Clark isə vurğulayıb ki, valideynlər uşaqları yalnız qorumağa deyil, eyni zamanda, onları real həyat bacarıqları ilə təmin etməyə fokuslanmalıdırlar. Onun sözlərinə görə, yeniyetmələr ictimai nəqliyyatdan istifadə, tanımadıqları insanlarla ünsiyyət və fərdi qərarlar vermə kimi bacarıqları öyrənməlidirlər.

Ekspertlər valideynlərə tövsiyə ediblər ki, yeniyetmələri ailəvi planlara cəlb etsinlər və onlar üçün həm təhlükəsizlik, həm də müstəqillik arasında balans yaradan qaydalar müəyyənləşdirsinlər. Sorğunun nəticələrinə əsasən, valideynlərin əksəriyyəti telefon vasitəsilə xəbərləşmək, dostlarla və ya bacı-qardaş və qohumlarla birlikdə qalmaq və əvvəlcədən müəyyən edilmiş məkanlardan kənara çıxmamaq kimi şərtlərin həm təhlükəsizliyi təmin etdiyini, həm də gənclərə sərbəstlik verdiyini düşünürlər.

Mütəxəssislər vurğulayıblar ki, düzgün yanaşma ilə gənclərin həm təhlükəsizliyi qoruna, həm də onların psixoloji sağlamlığı və müstəqilliyi dəstəklənə bilər.

Şahnigar Əhmədova, “İki sahil”