Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük lokal antiterror tədbirləri nəticəsində isə suverenleyini tam bərpa edən Azərbaycan regionda sülhün, əmin-əmanlığın bərəqrar olunması üçün gərəkli addımlar atır. Prezident İlham Əliyevin qətiyyətli siyasi kursi, fəal diplomatiyası regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında başlıca rol oynayır.
Ən əsası odur ki, artıq Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra regionda sülh və etimad mühitinin formalaşdırılması istiqamətində mühüm bir mərhələ başlayıb. 2025-ci il oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilməsi bu istiqamətdə adtılan ilkin addımlardan biridir. Təbii ki, görüş yalnız siyasi səviyyədə deyil, ictimai səviyyədə də etimad quruculuğunun vacibliyini göstərir. Həmçinin iki ölkənin öz təşəbbüsləri ilə xarici müdaxilələr olmadan sülh yolunda atdığı ciddi addım kimi diqqət çəkir. Azərbaycan və Ermənistan arasında aparılan bu cür danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi və etimad tədbirlərinin təşkili, regionda dayanıqlı sülh üçün vacib şərtdir. Bakı ilə İrəvan arasında həyata keçirilmiş ilk çarter reysi sülh prosesinin praktik göstəricisi kimi gündəlik həyatla etimad quruculuğu tədbirlərini birləşdirir və iki xalq arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilən razılaşmalar, tərəflərin sülh sazişinin mətnini paraflaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirdi. Bu reallığın əsas xüsusiyyətlərindən biri isə regionda sülh və əməkdaşlıq dövrünün başlamasıdır. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 30 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələndi. Bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu.
Prezident İlham Əliyev 2026-cı il martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda bildrmişdi ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır: “Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.
Avrasiya üzrə macar ekspert Attila Harqitai bildirib ki, bu gün Azərbaycan regionun gələcəyi üçün öz məsuliyyətini dərk edən dövlət nümunəsini nümayiş etdirir: “Tranzit məhdudiyyətlərinin götürülməsi zəiflik deyil, güc və inamın təzahürüdür. Bu cür qərarlar ölkənin beynəlxalq nüfuzunu gücləndirir, qonşular arasında münasibətlər üçün yeni format yaradır. Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən taxıl tranzitinin təsdiqlənməsi təkcə iqtisadi hadisə deyil, həm də strateji siqnaldır”.
Prezident İlham Əliyev aprelin 6-da qardaş ölkəyə səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”.
Zahid Rza, “İki sahil”