Azərbaycan xalqının XX əsrdə məruz qaldığı sistemli soyqırımı, repressiya və deportasiya siyasəti tariximizin ən qanlı və dəhşətli səhifələrini təşkil edir. 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, xalqımızın və dövlətçiliyimizin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın ən ali ehtiram təzahürüdür. Bu faciə sadəcə keçmişdə qalmış kütləvi qırğın aktı deyil, həm də Azərbaycan xalqının öz milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik idealını qorumaq uğrunda apardığı amansız mübarizənin acı xatirəsidir. Doğma yurdlarından didərgin salınan, sürgün və kütləvi qətliamlarla üzləşən soydaşlarımızın fədakarlığı bu gün müstəqil Azərbaycan dövlətinin təməllərində dayanan milli birliyin rəmzinə çevrilmişdir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Erməni millətçilərinin "Böyük Ermənistan" xülyası tarixin müxtəlif dönəmlərində azərbaycanlılara qarşı kütləvi qətillər, deportasiyalar və soyqırımı aktları ilə nəticələnmişdir. XX əsr tarixinin ən faciəli səhifələrindən olan bu qanlı proseslər xalqımızın yaddaşına silinməz ağrılar və eyni zamanda sarsılmaz mübarizə əzmi bəxş edən hadisələr kimi həkk olunub. Erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə həyata keçirdiyi ilk genişmiqyaslı qanlı aksiyalar ötən əsrin əvvəllərində (1905–1907-ci illərdə) Bakıdan başlayaraq bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim yurd yerlərimizi əhatə etmişdir. Həmin dövrdə yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi. Bu cinayətlərin icraçıları uzun illər boyu həqiqətin üstünü örtməyə çalışmış, öz işğalçılıq niyyətlərini pərdələyərək beynəlxalq aləmdə azərbaycanlılar haqqında yanlış təsəvvürlər yaratmağa cəhd göstərmişlər. Tarixi faciələrin kulminasiya nöqtəsi isə 1918-ci ilin mart ayına təsadüf etdi. Həmin dövrdə "əks-inqilabçı ünsürlərlə mübarizə" şüarı altında Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın icrasına başlandı. Bu cinayətlər zamanı dinc əhali yalnız milli mənsubiyyətinə görə amansızcasına məhv edildi. Erməni silahlı dəstələri evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərimizi, məktəb və xəstəxanalarımızı, müqəddəs məscidlərimizi dağıdaraq Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı təkcə Bakı ilə məhdudlaşmamış, bu qanlı proses Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və ölkəmizin digər bölgələrində xüsusi qəddarlıqla davam etdirilmişdir. Bu ərazilərdə minlərlə silahsız insan qətlə yetirilmiş, kəndlər külə döndərilmiş, milli mədəniyyət abidələrimiz vandalizmə məruz qalmışdır.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Kamran Bayramov vurğulayıb ki, onilliklər boyu davam edən sükutdan sonra Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi həqiqətlərimizin təbliğində dönüş nöqtəsi oldu. Bu strateji addım dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarını xatırlatmaqla yanaşı, saxta erməni təbliğatının formalaşdırdığı yalan təsəvvürləri darmadağın etdi. Beləliklə, uzun illər "məzlum xalq" cildinə girmiş erməni millətçiliyinin əsl siması ifşa olundu. Dövlət başçısı İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı bu istiqamətdə növbəti mühüm mərhələdir. Sərəncamda qeyd edildiyi kimi, üzə çıxmış yeni tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu elmi şəkildə sübut edir. Ermənilərin torpaq iddialarının 1988-ci ildə yenidən baş qaldırması bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, xalqımızın 30 ilə yaxın müddətdə dünyanın ikili standartlar siyasətinin əziyyətini çəkməsinə səbəb oldu.
Kamran Bayramov xüsusi olaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsi 30 il ərzində aparılan mənasız danışıqların əslində sadəcə bir imitasiya olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların onilliklər boyu edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində cəmi 44 günə reallaşdırdı. Bu möhtəşəm qələbə ilə illərdir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri döyüş meydanında icra olundu, tarixi ədalət bərpa edildi. Haqqın və ədalətin zəfər çaldığı bu savaş Azərbaycanın hər bir şəhidinin, o cümlədən 1918-ci il mart soyqırımı qurbanlarının da ruhunu şad etdi. Dövlət başçımızın bəyan etdiyi kimi, biz bütün şəhidlərimizin qisasını düşməndən məhz döyüş meydanında, mərdi-mərdanə aldıq.
K.Bayramov əlavə edib ki, hazırda müasir , müstəqil Azərbaycan özünə qarşı yönələn hər hansı aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir. Xalq-Prezident-Ordu birliyinin yaratdığı bu yeni reallıq regionda davamlı sülhün və milli təhlükəsizliyimizin ən böyük təminatıdır.