Birləşmiş Millətlər Təşkilatı (BMT) İranla davam edən müharibənin qlobal təchizat zəncirlərinə mənfi təsirini azaltmaq məqsədilə yeni təşəbbüslə çıxış edib.
“İki sahil” xəbər verir ki, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib ki, təşkilat “texniki mexanizmlərin hazırlanması və təklif olunması” üçün xüsusi işçi qrup yaradıb. Bu mexanizmlər əsasən gübrə və digər xammalın Hörmüz boğazı vasitəsilə daşınmasını təmin etməyə yönəlib.
Sözçü vurğulayıb ki, təşəbbüs kommersiya məqsədli neft daşımalarına aid deyil: “Bu, daha çox müharibənin davam edən təsirlərinin yumşaldılmasına yönəlib”.
Onun sözlərinə görə, gübrə təchizatında yaranan problemlər yaxın aylarda kənd təsərrüfatına ciddi təsir göstərə bilər: “Əgər yaxın aylarda əkin aparmaq mümkün olmazsa, bu, gələcəkdə aclığın artmasına səbəb olacaq”.
Düjarrik əlavə edib ki, yanacaq qiymətlərinin artması ərzaq və kənd təsərrüfatı məhsullarının daşınma xərclərini yüksəldir və bu da artıq əsas qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkən ailələr üçün əlavə yük yaradır.
Məlumata görə, işçi qrupuna Beynəlxalq Dəniz Təşkilatı və Beynəlxalq Ticarət Palatası daxil olmaqla bir sıra beynəlxalq qurumlar cəlb olunacaq.