21 mart 2026 13:24
115

TDT-nin Baş katibi: Ata-babalarımız gecə ilə gündüzün bərabərləşdiyi bu günü tarix boyu böyük ehtiramla qarşılayıb

Novruz təbiətin yenidən oyanmasını simvolizə edən qədim bir bayramdır. Əsrlər boyu xalqlarımızın həyatında mühüm yer tutub, nəsildən-nəslə ötürülən dəyərli mədəni irs olub. Bu əlamətdar gün bolluğun, bərəkətin və birliyin rəmzidir. Ata-babalarımız gecə ilə gündüzün bərabərləşdiyi bu günü tarix boyu böyük ehtiramla qarşılayıb və coşqu ilə qeyd ediblər.

“İki sahil” xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Novruz bayramı münasibətilə türkdilli xalqlara təbrik mesajında yer alıb.

O bildirib ki, bu gün Novruz beynəlxalq səviyyədə də geniş şəkildə tanınır. Bu bayram, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib, Birləşmiş Millətlər Təşkilatı tərəfindən isə 21 Mart tarixi Beynəlxalq Novruz Günü elan olunub. Ötən il Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Türkiyənin təşəbbüsü ilə Novruzun təşkilat çərçivəsində daha geniş qeyd olunmasına dair mühüm qərar qəbul edilib. Bu addım Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

“Bu il Novruzun mübarək Ramazan bayramı ilə eyni dövrə təsadüf etməsi də ayrıca rəmzi məna daşıyır. Bu mübarək günlərdə edilən bütün duaların qəbul olmasını, hər bir evə sülh, bərəkət və əmin-amanlıq gətirməsini arzulayıram. Türk dövlətləri arasında dostluğu, qarşılıqlı etimadı və çoxtərəfli əməkdaşlığı gücləndirmək təşkilatımızın əsas məqsədlərindən biridir. Novruzun hər bir ailəyə sülh, xoşbəxtlik və rifah gətirməsini diləyir, qardaş ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsini arzu edirəm. Novruz bayramınız mübarək olsun” - deyə, Baş katib əlavə edib.