Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi Sinqapurun “GovInsider” təşkilatının “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən 270 layihənin iştirak etdiyi müsabiqədə layihə “Digital Society Award” kateqoriyası üzrə “Special Mention” mükafatına layiq görülüb. Layihə nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi əsasında qurulan innovativ idarəetmə modelini, sosial məlumatların inteqrasiyası və analitik əsaslı qərarvermə mexanizmlərini özündə ehtiva edir. Həmin model sosial xidmətlərin operativliyini artırmaqla yanaşı, şəffaflığın və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
“Festival of Innovation Awards” dövlət sektorunda innovativ təşəbbüslərin, rəqəmsal transformasiya layihələrinin və vətəndaşyönümlü dövlət xidmətlərinin təşviqinə xidmət edən nüfuzlu beynəlxalq platformalardan biridir.