23 mart 2026 15:13
116

ASELSAN şirkətinin iki texniki əməkdaşı ilə Ankarada vida mərasimi keçirilib

Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi nəticəsində həlak olan Türkiyənin ASELSAN şirkətinin iki texniki əməkdaşı ilə Ankarada vida mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Süleyman Cemre Kahraman və İsmayıl Enes Canın xatirəsini yad etmək üçün paytaxtın Əhməd Hamdi Akseki məscidində toplaşanlar arasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün və ASELSAN şirkətinin rəhbərliyi də olub. Şəhid mayor Sinan Taştekin üçün vida mərasimi isə martın 24-nə planlaşdırılıb.

Martın 21-də baş verən helikopter qəzası nəticəsində ölən yeddi nəfər arasında ASELSAN şirkətinin əməkdaşları ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu olub.

Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların ailələrinə və yaxınlarına, eləcə də hər iki ölkə xalqına başsağlığı veriblər.