İranın Buşehr şəhərində ABŞ və İsrailin səhər saatlarında hücumları nəticəsində iki körpü vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, sərnişin gəmiləri üçün olan "Vəlfəcr" yanalma körpüsünə zərbə endirilib, nəticədə obyektin infrastrukturu və orada olan gəmilər zədələnib.
Paralel olaraq "Cəfrə" balıqçılıq körpüsü hücuma məruz qalıb. Balıqçılıq avadanlıqlarının bir hissəsinin və qayıqların yanalma yerinin zədələndiyi bildirilib.
Məlumatda qeyd olunub ki, partlayışların gücü Buşehrin sahil rayonlarında güclü tüstülənməyə səbəb olub, zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə xilasetmə və yanğınsöndürmə bölmələri göndərilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz növbəsində Fars körfəzində özəl gəmilərə və sərnişin nəqliyyatına təkrar zərbələr endiriləcəyi təqdirdə sərt cavab tədbirləri görəcəyni bildirib.
"Biz xəbərdarlıq edirik: bu cür hərəkətlərin təkrarlanacağı təqdirdə qəti cavab tədbirləri görüləcək", - bəyanatda qeyd edilib.