21 mart 2026 11:44
92

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasında 2170 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Onlardan 46 nəfəri daun sindromlu uşaqlardır.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daun sindromlu uşaqlardan 24-ü oğlan, 22-si isə qızdır.

"Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, onların erkən yaşlardan sosial mühitə uyğunlaşması, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə cəlb olunması məqsədilə bağçalara, ümumtəhsil müəssisələrinə və məktəbdənkənar dərnəklərə yönləndirilməsi təmin edilir. Bunun nəticəsidir ki, daun sindromlu uşaqlar arasında 22 nəfər ümumtəhsil müəssisələrində təhsil alır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyadan olan uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün müxtəlif sərgilər, əl işləri nümayişləri təşkil olunur, onların sosial həyata daha fəal qoşulmasına şərait yaradılır.