Dövlət qulluğunda əməkhaqqı sistemində həyata keçirilən son dəyişikliklər idarəetmənin keyfiyyətinə birbaşa təsir edən mühüm addımlardandır. Burada söhbət təkcə bəzi əlavə və mükafat kimi ayrı-ayrı ödəniş elementlərinin ləğvindən deyil, bütövlükdə daha sadə, aydın və idarəolunan əməkhaqqı modelinin formalaşdırılmasından gedir. Uzun müddət dövlət qulluğunda əməkhaqqı müxtəlif əlavələr, mükafatlar və kompensasiya xarakterli ödənişlər hesabına formalaşdığından sistem həm mürəkkəb, həm də tam şəffaf olmayan görünüş almışdı. Yeni model bu qarışıq sistemi sadələşdirir və əməkhaqqının quruluşunu daha aydın edir.
Bunu “İki sahil”ə açıqlamasında İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov deyib.
Onun sözlərinə görə, aparılan dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, əvvəllər staja, hakimiyyət səlahiyyətinə və digər əsaslara görə ödənilən əlavələr, eləcə də kollektiv və fərdi mükafatlar ayrıca mexanizm kimi saxlanılmır, vəzifə maaşının baza hissəsində əks olunur: “Bu, dövlət qulluqçusunun aylıq gəlirinin daha böyük hissəsinin – təxminən 95%-nin sabit maaş üzərində qurulmasına imkan verir. Nəticədə əməkhaqqı daha proqnozlaşdırılan xarakter alır, gəlirin strukturu aydınlaşır və müxtəlif qurumlar üzrə müşahidə olunan ödəniş fərqlərinin azalması üçün zəmin yaranır”.
“Mükafatlandırma mexanizminin və müalicə müavinətinin ləğvi də bu islahatın eyni xətt üzrə davamı kimi çıxış edir. Əvvəllər dövlət büdcəsi hesabına ayrılan əlavə vəsait hesabına həyata keçirilən təşviq ödənişləri indi sabit əməkhaqqı modelinə inteqrasiya olunur. Belə dəyişiklik dövlət qulluğunda sosial təminatı zəiflətmir, əksinə onu daha açıq və ölçülə bilən çərçivəyə salır, - E.Ələkbərov əlavə edib.
İİTKM rəsmisi bildirib ki, bu dəyişikliklərin daha bir mühüm tərəfi dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətinin gücləndirilməsidir: “Xüsusilə gənc və dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlar üçün baza əməkhaqqının güclənməsi dövlət xidmətinin cəlbediciliyini daha da artıracaq.
Eyni zamanda, sadə və aydın əməkhaqqı sistemi motivasiyanı artırır, idarəetmədə subyektivlik imkanlarını məhdudlaşdıracaq və ümumilikdə dövlət idarəçiliyində səmərəliliklə etimadın güclənməsinə xidmət edəcək. Bu baxımdan yeni model dövlət qulluğunu daha peşəkar və sabit mühit kimi formalaşdırmağa yönəlmiş sistemli islahatdır”.
Orxan İsrafilov, “İki sahil”