Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda könüllülük proqramı iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev vurğulayıb ki, həyata keçirilən könüllülük proqramı gənclərin Azərbaycan tarixinə və elmə marağının artırılmasına, elmi biliklərinin zənginləşdirilməsinə və peşə yönümü seçiminə xidmət edir. O, həmçinin proqramın gənclərin sosiallaşmasına, kollektiv fəaliyyət bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Mərasimin sonunda proqramın “qış fəsli” üzrə iştirakçılarına - Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecini təmsil edən gənclərə sertifikat, təşəkkürnamə və diplomlar təqdim edilib.
Azərbaycan Universitetinin II kurs magistratura tələbəsi Fidan Vahidova çıxış edərək proqramın könüllülərə qazandırdığı bilik və təcrübənin əhəmiyyətindən danışıb, təşkilatçılara və dəstək göstərən qurumlara minnətdarlığını bildirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılması, onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi və milli-mədəni irsin təbliği baxımından əhəmiyyət kəsb edir.