19 mart 2026 10:02
74

Uşaqlıq boynu xərçəngindən qorunmanın ən əsas yolu müntəzəm ginekoloji müayinələrdir

 

Müsahibimiz  Mərkəzi Neftçilər Xəstəxanasının həkim mama-ginekoloqu, Aydan Aslanovadır

-Nə üçün uşaqlıq boynu xərçənginə diqqət yetirmək xüsusi önəm kəsb edir?

-Uşaqlıq boynu xərçəngi qadınlar arasında geniş yayılmış onkoloji xəstəliklərdəndir. Əsas təhlükəsi ondadır ki, uzun müddət simptomsuz inkişaf edə bilər. Qadın özünü sağlam hiss etsə belə, hüceyrə dəyişiklikləri illərlə “səssiz” şəkildə davam edə bilər. Halbuki bu xəstəlik erkən mərhələdə aşkarlanarsa, tam qarşısı alına bilən xərçəng növlərindəndir.

-Xəstəliyin erkən mərhələdə aşkarlanması üçün hansı müayinə metodlarına üz tutulmalıdır?

-Uşaqlıq boynu xərçənginin vaxtında aşkarlanması üçün zəruri olan bütün müayinələr və diaqnostik prosedurlar tibbi göstəriş əsasında icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta qadınların profilaktik müayinələrə və erkən diaqnostik xidmətlərə əlçatanlığını artırır. Bu isə pasiyentlərin maliyyə yükü olmadan müayinədən keçməsinə, xəstəliyin erkən mərhələdə aşkarlanmasına və vaxtında müalicəyə başlanmasına imkan yaradır. Erkən diaqnostika həm sağlamlıq, həm də müalicə nəticələri baxımından həlledici rol oynayır.

Xəstəlikdən qorunmanın ən əsas yolu müntəzəm ginekoloji müayinələr - Pap-test, HPV testi və HPV peyvəndidir. Pap-test uşaqlıq boynundakı hüceyrə dəyişikliklərini aşkar edir, HPV testi isə virusun olub-olmadığını müəyyənləşdirir. Erkən mərhələdə aşkarlanan dəyişikliklər sadə tibbi müdaxilə ilə aradan qaldırıla bilir. Heç bir şikayət olmasa belə, ildə 1 dəfə müayinə tövsiyə edilir.

-Uşaqlıq boynu xərçənginin əsas yaranma səbəbi nədir?

-Əsas səbəb insan papilloma virusudur (HPV). Bu çox yayılmış virusdur və qadınların əksəriyyəti həyatının müəyyən dövründə onunla təmasda olur. Əksər hallarda orqanizm virusu özü aradan qaldırır. Lakin yüksək riskli virus tipləri uzun müddət qalarsa, hüceyrə dəyişikliklərinə və illər sonra xərçəngə səbəb ola bilər. HPV olması avtomatik olaraq xərçəng demək deyil, amma nəzarətsiz qalması risk yaradır. Digər risk faktorları olaraq müayinələrdən yayınmağı, cinsi yolla keçən infeksiyaları, çoxsaylı doğuşları, uzunmüddətli (5 ildən çox) hormonal kontraseptivlərin istifadəsini və zəif immuniteti göstərmək olar.

-Pap-test və HPV testi kimlər üçün və nə qədər müddətdə tövsiyə olunur?

-Pap-test adətən 21 yaşdan sonra 3 ildən bir tövsiyə edilir. 30 yaşdan sonra isə HPV testi ilə birlikdə aparılması daha effektiv sayılır və adətən 5 ildən bir edilir. Testlərin tezliyi fərdi risk faktorlarına görə dəyişə bilər və qərar ginekoloqla məsləhətləşərək verilməlidir.

-Qadınlar arasında müayinə qorxusu var. Bu barədə qadınlara mesajınız nədir?

-Əziz xanımlar, gündəlik işlərin arasında sağlamlığınızı unutmayın, ona laqeyd yanaşmayın. “Heç bir şikayətim yoxdur” demək, hər şeyin qaydasında olduğu demək deyil. Uşaqlıq boynu xərçəngi vaxtında müayinə və düzgün yanaşma ilə qarşısı alına bilən xəstəlikdir. Unutmayın, erkən diaqnostika həyat qurtarır. Gecikmiş diaqnoz isə müalicəni çətinləşdirir və riskləri artırır. Bugün özünüz üçün vaxt ayırın və sağlamlığınızın qeydinə qalın!