18 mart 2026 19:45
151

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün açıq dərs keçirilib

Açıq dərsdə tələbələrə həm nəzəri, həm də praktiki müstəvidə istehlakçı hüquqlarının qorunması mexanizmləri, bu sahədə dövlət nəzarətinin əhəmiyyəti və mövcud qanunvericiliyin tətbiqi yolları izah olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün açıq dərs təşkil olunub.

“İki sahil” xəbər verir ki, açıq dərsdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyevin təqdimatında “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda çıxışlar dinlənilib. Çıxışlar zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların qorunması üçün mövcud mexanizmlər, eləcə də müvafiq sahədə dövlət nəzarətinin təşkili barədə məlumat verilib.

Həmçinin tələbələrə məhsul və xidmətlərdən istifadə zamanı diqqət edilməli məqamlar, hüquqlarının pozulduğu hallarda müraciət edə biləcəkləri qurumlar və hüquqi müdafiə imkanları izah olunub. Bildirilib ki, istehlakçıların hüquqi savadlılığının artırılması istiqamətində Agentlik tərəfindən həyata keçirilən təşəbbüslər istehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi və bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədini daşıyır.

Açıq dərs zamanı tələbələrə mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub, onların sualları cavablandırılıb.