18 mart 2026 10:10
225

”ABAD”  ailə bizneslərinin inkişafını dəstəkləyir və məşğulluğu artırır - MÜSAHİBƏ

Vüsal Arzumanlı: İndiyədək bu qurum vasitəsilə “ABAD”çılara məxsus 17.3 milyon manatdan artıq məhsul satılıb

Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, ailə bizneslərinin dəstəklənməsi və regionlarda iqtisadi fəallığın artırılması məqsədilə yaradılmış “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs xüsusi əhəmiyyət kəsb edir. 2016-cı il sentyabrın 23-də Prezident İlham Əliyevin Fərmanı ilə fəaliyyətə başlayan qurum, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

“ABAD”ın əsas məqsədi sosial-iqtisadi inkişafda vətəndaşların fəal iştirakını təmin etmək, ailə təsərrüfatlarının rəqabət qabiliyyətini artırmaq, məşğulluğu yüksəltmək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. Bu məqsədlə qurum, dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsulları istehsal edən ailə bizneslərinə biznes-planlaşdırmadan tutmuş satışın təşkili və avadanlıq təminatına qədər geniş spektrli xidmətlər göstərir.

“ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində qurumun fəaliyyət istiqamətləri, regionlarda sahibkarlığın inkişafı, ailə bizneslərinə göstərilən dəstək mexanizmləri və perspektivləri haqqında ətraflı söz açır.

 -“ABAD”  ötən ili necə başa vurdu və bu uğurlar 2026-cı il üçün hansı hədəflər müəyyənləşdirilib?

​-Ötən il “ABAD” üçün fəaliyyətin keyfiyyətinin artırılması və regionlarda sahibkarlığın inkişafının stimullaşdırılması baxımından mühüm nəticələrlə yadda qaldı. İl ərzində yeni ailə təsərrüfatları layihəyə cəlb edildi, mövcud sahibkarların məhsullarının daha geniş bazarlara çıxışı təmin edildi və “ABAD” məhsullarının tanıdılması və təşviqi istiqamətində işlər daha intensiv şəkildə aparıldı. Eyni zamanda, istehsal və emal imkanlarının genişləndirilməsi, sahibkarların fəaliyyətinə dəstəyin artırılması və məhsulların bazarda mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu nəticələr 2026-cı il üçün əsas prioritetlərin müəyyənləşdirilməsinə zəmin yaratdı. Qarşıdakı dövrdə əsas diqqət yeni ailə bizneslərinin layihəyə cəlb olunmasına, mövcud “ABAD”çıların fəaliyyətinin genişləndirilməsinə və regionlarda istehsal imkanlarının daha səmərəli istifadəsinə yönəldiləcək. Bununla yanaşı, müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirilən layihələr də uğurla icra olunub. Belə ki, “AzIntelecom” MMC tərəfindən həyata keçirilən “Sahibkarlara dəstək” layihəsi çərçivəsində Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən “ABAD”çılara istehsal imkanlarının inkişafı üçün müvafiq avadanlıqlar təqdim edilib.

 

-2016-cı ildən bu günə qədər “ABAD” dəstəyi alan ailə bizneslərinin sayı nə qədərdir? Bu göstəricilər illər üzrə necə dəyişib?

​-2016-cı ildən fəaliyyətə başlayan “ABAD” qısa müddətdə regionlarda mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm platformaya çevrilib. Bu günə qədər 700-ə yaxın ailə təsərrüfatı layihənin müxtəlif xidmətlərindən yararlanıb. Fəaliyyətə başladığı ilk illərdə əsas diqqət ailə bizneslərinə göstərilən xidmətlərin təşkilinə və layihənin fəaliyyət mexanizmlərinin formalaşdırılmasına yönəlmişdisə, sonrakı illərdə regionlarda layihəyə maraq artdıqca “ABAD”çıların sayı da tədricən artmağa başladı və fəaliyyət sahəsi daha da genişləndi. Hazırda “ABAD” dəstəyi alan ailə bizneslərinin böyük hissəsi dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir. Statistik göstəricilərə əsasən, “ABAD”çıların təxminən 75 faizi sənətkarlıq, 21 faizi qida istehsalı, 4 faizi isə digər sahələr üzrə fəaliyyət göstərir. Bu, onu göstərir ki, layihə həm milli sənətkarlıq ənənələrinin qorunmasına, həm də kənd təsərrüfatı məhsullarının emal olunaraq bazara çıxarılmasına real imkanlar yaradır. Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən bu günə qədər bu qurum vasitəsilə “ABAD”çılara məxsus 17.3 milyon manatdan artıq məhsul satılıb. Bu göstərici bir daha sübut edir ki, “ABAD” publik hüquqi şəxs ailə bizneslərinin dayanıqlı gəlir mənbəyinə çevrilmişdir

-“ABAD”ın dəstəyi ilə yaranan ailə biznesləri hansı məhsullar üzrə bazarda daha rəqabətqabiliyyətlidir?

-“ABAD” layihəsi çərçivəsində istehsal olunan məhsullar əsasən təbii tərkibi, əl əməyinə əsaslanması və milli xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyətlər məhsulların bazarda fərqlənməsinə və istehlakçılar tərəfindən onlara daha çox maraq görməsinə imkan yaradır. Bu səbəbdən xüsusilə qida məhsulları və dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri bazarda daha çox maraqla qarşılanır. Qida məhsulları istiqamətində bal, mürəbbələr, souslar, müxtəlif çaylar, meyvə quruları, təbii yağlar, süd və ət məhsulları istehlakçılar tərəfindən daha çox tələb olunan məhsullar sırasındadır. Eyni zamanda, “ABAD” çərçivəsində satışa çıxarılan yumurtalar da bazarda xüsusi yer tutur. Müxtəlif regionlarda fəaliyyət göstərən təsərrüfatlardan toplanan yumurtalar ailə təsərrüfatlarının gəlir əldə etməsində mühüm rol oynayır və yüzlərlə kənd sakininin məşğulluğuna töhfə verir. Sənətkarlıq sahəsində isə keramika, vitraj sənəti, taxta üzərində hazırlanmış əl işləri, eləcə də digər dekorativ-tətbiqi sənət nümunələri həm yerli istehlakçılar, həm də turistlər arasında böyük marağa səbəb olur. Bu məhsullar milli-mədəni dəyərləri özündə əks etdirməklə yanaşı, Azərbaycan sənətkarlıq ənənələrinin qorunmasına və tanıdılmasına da mühüm töhfə verir.

 -Regionlarda fəaliyyət göstərən “ABAD” mərkəzlərinin işini necə qiymətləndirirsiniz və hər bölgənin öz iqtisadi və sosial xüsusiyyətləri nəzərə alınaraq fərqli dəstək modelləri tətbiq olunurmu?

-Regionlarda fəaliyyət göstərən “ABAD” mərkəzləri ailə bizneslərinin inkişafında mühüm rol oynayır və layihənin əsas dayaqlarından hesab olunur. Bu mərkəzlər yerli potensialın üzə çıxarılmasına və ailə bizneslərinin daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır. Hər bir bölgənin iqtisadi xüsusiyyətləri, mövcud resursları və ənənəvi fəaliyyət sahələri nəzərə alınaraq fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Məsələn, bəzi regionlarda kənd təsərrüfatı məhsullarının emalı və qida istehsalı daha geniş inkişaf etdirilir, digər bölgələrdə isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsi üstünlük təşkil edir. Yuxarıda qeyd edilən yanaşma regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə, yerli resursların dəyər zəncirinə daxil edilməsinə və ailə bizneslərinin bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Nəticə etibarilə “ABAD” regionlarda məşğulluğun artırılmasına, ailə gəlirlərinin yüksəlməsinə və ənənəvi sənətkarlıq fəaliyyətinin qorunmasına əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə fəaliyyət göstərən mühüm infrastrukturlardan biri Quba “ABAD Factory” İstehsalat Kompleksidir. Bu kompleks qida məhsullarının emalı və istehsalı üçün müasir imkanlar yaradaraq bölgədə fəaliyyət göstərən ailə bizneslərinin inkişafına geniş şərait təmin edir. Eyni zamanda, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi dekorativ-tətbiqi sənətkarlığın inkişafına xidmət edir, yerli sənətkarların fəaliyyətini dəstəkləyir və ənənəvi sənətkarlıq nümunələrinin qorunub saxlanmasına imkan yaradır.

-Mikro sahibkarların qarşılaşdığı əsas çətinliklər və risklər hansılardır və bu problemlərin həlli üçün “ABAD” hansı konkret tədbirlər görür?

-Mikro sahibkarlar fəaliyyətlərinin ilkin mərhələsində bir sıra çətinlik və risklərlə üzləşirlər. Bu çətinliklər əsasən məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunlaşdırılması, sertifikatlaşdırma proseslərinin həyata keçirilməsi, bazara çıxış imkanlarının məhdudluğu və məhsulların tanıdılması ilə bağlı olur. Bundan əlavə, bir çox hallarda mikro sahibkarların vergi və mühasibat uçotunun aparılması, rüblük vergi hesabatlarının hazırlanması və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi sahəsində də kifayət qədər təcrübəsi olmur. “ABAD” bu problemlərin aradan qaldırılması üçün ailə bizneslərinə müxtəlif istiqamətlərdə dəstək göstərir. Qurum tərəfindən məhsulların standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması prosesində texniki dəstək təqdim olunur, məhsulların dizaynı və qablaşdırılması üzrə həllər hazırlanır, həmçinin sahibkarlara istehsal avadanlıqlarından istifadə imkanı yaradılır və müxtəlif satış kanalları vasitəsilə məhsulların bazara çıxışı təmin edilir. Eyni zamanda, “ABAD” ailə bizneslərinə mühasibatlıq xidməti göstərir, vergi uçotunun aparılmasına dəstək verir və sahibkarların rüblük vergi hesabatlarının hazırlanması və təqdim edilməsi prosesində onlara kömək edir. Bu yanaşma mikro sahibkarların inzibati və maliyyə məsələlərini daha rahat idarə etmələrinə və əsas diqqətlərini istehsal və fəaliyyətlərinin, uğurlu təşkilinə və inkişafına yönəltməsinə imkan yaradır.

-Gələcəkdə “ABAD”ın fəaliyyətində hansı yeniliklər və prioritetlər olacaq? Ailə bizneslərinin daha dayanıqlı olması üçün nə kimi tədbirlər planlaşdırılır?

-Gələcək mərhələdə “ABAD” fəaliyyətini daha çox innovativ yanaşmalar və praktik həllər üzərində qurmağı planlaşdırır. Əsas məqsəd ailə təsərrüfatlarını kiçik, lakin rəqabətqabiliyyətli biznes subyektlərinə çevirməkdir. Bu istiqamətdə məhsulların yüksək keyfiyyət standartlarına uyğunlaşdırılmasında daha intensiv addımların atılması, müasir qablaşdırma və dizayn həllərinin tətbiqi, həmçinin istehsal və satış proseslərinin daha səmərəli təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2026-cı ildə ASAN Süni İntellekt platforması (ASAN AI Hub) vasitəsilə süni intellekt alətinin yaradılması planlaşdırılır. Bu alətin tətbiqi “ABAD”ın fəaliyyətinin daha çevik və operativ təşkilinə, həmçinin ailə bizneslərinə göstərilən xidmətlərin daha effektiv şəkildə həyata keçirilməsinə, məhsulların brendinq prosesinin təkmilləşdirilməsinə və satış proqnozlarının daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”