Mayın 17-dən 22-dək Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisində indiyədək 36 ölkə nümayəndəsi qeydiyyatdan keçib.
“İki sahil” xəbər verir ki, bunu “Bakı KOB evi”ndə keçirilən “WUF13 - özəl sektor üçün məlumatlandırma sessiyası”nda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, WUF13-ə 30 minədək iştirakçının qoşulması gözlənilir. Sessiyada dövlət, hökumət başçıları, şəhər merləri, bələdiyyə sədrləri, akademik dairələr və bu sahə üzrə fəaliyyət göstərən şəxslər iştirak edəcək. WUF13 çərçivəsində 400-dək konfrans, ikitərəfli görüş və tədbirin keçirilməsi nəzərdə tutulur. Həmçinin 35 min kvadratmetr sahədə “Urban Expo” sərgisi təşkil olunacaq. Sərgi üçün son müraciət tarixi 31 martdır.
Adil Məmmədov istər WUF13-də, istərsə də “Urban Expo” özəl sektor nümayəndələrinin iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, məlumatlandırma sessiyasında iştirak edən özəl sektor nümayəndələrini hər iki tədbirdə fəal iştiraka çağırıb.
Qeyd edək ki, WUF13-də iştirak üçün 169 ölkədən təxminən 15 minədək iştirakçı qeydiyyatdan keçib.