Amerikanın "The New York Times" nəşrinin məlumatına görə, ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısında baş vermiş yanğını 30 saatdan artıq müddətdə söndürmək mümkün olmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə qəzetə anonimlik şərti ilə dənizçilər və hərbi rəsmilər məlumat veriblər.
Məlumata əsasən, yanğın ötən həftə gəminin əsas camaşırxana bölməsində baş verib. Hazırda gəmi Qırmızı dəniz akvatoriyasında yerləşir. Hadisə nəticəsində 600-dən çox dənizçi və ekipaj üzvü yataq yerlərini itirib və müvəqqəti olaraq döşəmədə və masaların üzərində yerləşdirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı daha əvvəl iki nəfərin xəsarət aldığını və onların həyatına təhlükə olmadığını açıqlayıb. Lakin "The New York Times" mənbələri onlarla insanın tüstüdən zəhərləndiyini bildirir.
Yanğından sonra camaşırxananın fəaliyyəti hələ də bərpa olunmayıb ki, bu da ekipaj üçün əlavə məişət çətinlikləri yaradır.
Bundan əvvəl İran rəsmiləri iddia ediblər ki, guya amerikalı dənizçilər Yaxın Şərqdə mümkün hərbi əməliyyatlardan ehtiyat edərək yanğını özləri törədiblər.