13 mart 2026 12:07
89

ABŞ enerji böhranı səbəbilə 100 illik dəniz qanununu müvəqqəti dayandırmağı planlaşdırır

ABŞ administrasiyası enerji qiymətlərində kəskin artım fonunda 1920-ci ildə qəbul edilmiş məşhur Conz Aktı (Jones Act) qanununun müvəqqəti dayandırılmasını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, "Bloomberg" agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, bu qərar daxili enerji daşıyıcılarının daşınmasını asanlaşdırmaq məqsədi daşıyır.

Sözügedən qanun ABŞ limanları arasında bütün yüklərin yalnız ABŞ-da inşa edilmiş, ölkə bayrağı altında üzən və əsasən amerikalı ekipaj tərəfindən idarə olunan gəmilərlə daşınmasını tələb edir. Bu qayda uzun illərdir ki, ABŞ gəmiqayırma sənayesini və milli ticarət donanmasını qorumağa yönəlmiş proteksionist mexanizm kimi fəaliyyət göstərir.

Bloomberg-in məlumatına görə, hökumət qanuna 30 günlük istisna tətbiq etməyi planlaşdırır. Bu müddət ərzində xarici gəmilərin ABŞ limanları arasında müəyyən enerji məhsullarını daşımasına icazə verilə bilər. Buraya xam neft, benzin, dizel yanacağı, mayeləşdirilmiş təbii qaz və gübrələr daxildir.

Bu addımın əsas məqsədi Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin artması fonunda enerji bazarında yaranmış qiymət sıçrayışını sabitləşdirməkdir. Analitiklər hesab edir ki, daxili daşımaların daha ucuz və əlçatan olması ABŞ bazarında yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, qanunun müvəqqəti dayandırılması milli təhlükəsizlik maraqları çərçivəsində həyata keçirilə bilər. Onun sözlərinə görə, bu addım həyati əhəmiyyətli enerji daşıyıcılarının və kənd təsərrüfatı məhsullarının ölkə daxilində fasiləsiz təchizatını təmin etmək məqsədi daşıyır.

Bloomberg-in sorğuladığı ekspertlərin fikrincə, belə bir qərar xüsusilə ABŞ-ın Şərq sahillərində yanacaq qiymətlərinin müəyyən qədər azalmasına səbəb ola bilər. Onların hesablamalarına görə, benzinin qiyməti hər qallon üçün təxminən 10 sent ucuzlaşa bilər.

Bununla belə, bəzi analitiklər tədbirin effektivliyinə şübhə ilə yanaşırlar. Onlar xəbərdarlıq edirlər ki, ABŞ gəmiqayırma sənayesi və bu sektoru dəstəkləyən siyasətçilər Konqresdə belə qərara ciddi siyasi müqavimət göstərə bilərlər.