12 mart 2026 10:29
94

Açıkalın: Böyük Qayıdış təkcə demoqrafik geridönüş deyil, həm də regional sabitliyin bərpasıdır

Uzun illər işğal altında qalan yaşayış məntəqələrinin azad olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda başlayan yenidənqurma prosesi münaqişədən sonrakı bərpa və dirçəlişin necə mümkün ola biləcəyini göstərən mühüm bir təcrübə təqdim edir.

“İki sahil” xəbər verir ki, bu sözləri  Hacı Bayram Vəli Universitetinin müəllimi Şuay Nilhan Açıkalın söyləyib.

O bildirib ki, azad torpaqlarda yenidənqurma fəaliyyəti yalnız fiziki şəhər quruculuğu ilə məhdudlaşmır, eyni zamanda, məcburi köçkünlərin öz doğma torpaqları ilə yenidən bağ qurmasını təmin edən sosial-siyasi bir prosesdir. Dövlətin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri, yaşayış evlərinin tikintisi və sosial həyatın bərpası müharibədən sonrakı bölgələrdə tez-tez rast gəlinən uzunmüddətli boşluq və qeyri-müəyyənlik dövründən fərqli olaraq, sürətli və planlı bir transformasiyanı nümayiş etdirir.

Türk ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin bilavasitə nəzarətində olan Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağda başlanan məskunlaşma və inkişaf proqramı təkcə demoqrafik geridönüş deyil, eyni zamanda, regional sabitliyin bərpasını da hədəfləyir. Torpaqların işğaldan azad olunmasından qısa müddət sonra yenidən qurulması və əhalinin mərhələli şəkildə geri qayıtmağa başlaması dünya təcrübəsində nadir rast gəlinən hadisələrdən biri kimi qiymətləndirilə bilər. Bu proses müharibənin dağıdıcı nəticələrindən sonra cəmiyyətlərin yenidən dirçələ biləcəyini və sülhün konkret siyasətlər vasitəsilə dəstəkləndiyi halda davamlı və real dəyişikliklərə zəmin yarada biləcəyini göstərir",- deyə Açıkalın vurğulayıb.