05 mart 2026 23:42
105

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumunu qətiyyətlə pisləyir

Fransa Hökuməti Naxçıvan Beynəlxalq Hava Limanına edilən dron hücumunu qətiyyətlə pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.

Bildirilib ki, 2026-cı il martın 5-də səhər saatlarında Azərbaycanın Naxçıvan şəhərində yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı İran dronlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində dörd nəfərin yaralandığı qeyd olunur.

Rəsmi Paris baş vermiş hücumu ən sərt şəkildə pislədiyini bəyan edib və hücum zamanı yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb.

Fransa, eyni zamanda, bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Fransa tərəfi hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək, regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha vurğulayıb.