05 mart 2026 17:22
142

Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubad rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditin alınması, texnikanın güzəştli şərtlə əldə olunması, suvarma suyu ilə təminat, bağ sahəsinin qeydiyyata alınması, cins damazlıq heyvanların güzəştli şərtlə alınması və digər məsələlərlə bağlı olub.

“İki sahil” xəbər verir ki, AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Ordubad rayonunun Qoşa Dizə kəndində fermer Nəcəfov Samir Cəlal oğluna məxsus heyvandarlıq təsərrüfatına və Baş Dizə kəndində İsgəndərov Bağı Nağı oğluna məxsus meyvə bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və meyvə bağlarında aparılan aqrotexniki tədbirlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyələr verilib.